Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans işə başlayıb
Mayın 8-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans işə başlayıb.
Əvvəlcə mərkəzin Cərrahiyyə korpusunda Ulu Öndərin xatirə guşəsinin açılışı olub.
Guşədə Heydər Əliyevin büstü qoyulub, müxtəlif dövrlərdə lentə alınmış şəkilləri, dahi siyasətçinin ayrı-ayrı sahələrdə həyata keçirdiyi tədbirlərə dair məlumatların toplandığı kitablar yer alıb.
Konfrans Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndərin və ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətçi olduğunu deyən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Ümummilli Liderin həyata keçirdiyi siyasətin ölkəmizdə bütün sahələri, o cümlədən səhiyyə sahəsini canlandırdığını diqqətə çatdırıb. Bildirilib ki, görkəmli siyasi xadimin xüsusi nəzər yetirdiyi sahələrdən biri insanların sağlamlığı, tibb işçilərinin peşəkarlığının artırılması, insanlara keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi idi. Bütün ömrü boyu xalqının əmin-amanlığı naminə yorulmadan çalışan dahi lider səhiyyənin inkişafına zəmin yaradan islahatlar həyata keçirdi. Ümummilli Liderin hakimiyyəti illərində mövcud səhiyyə ocaqlarının abadlaşdırılması, yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, yüksək potensiallı tibb kadrlarının hazırlanması işlərinə xüsusi diqqət yetirildi. Onun düşünülmüş və gələcəyə hesablanmış addımlarının nəticələri qısa zamanda özünü göstərməyə başladı. Əminliklə demək olar ki, müasir səhiyyənin inkişafı məhz Ulu Öndərin vaxtilə vəziyyəti düzgün dəyərləndirib situasiyanı xeyrimizə dəyişmək üçün verdiyi doğru qərarların məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin miras qoyduğu inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi səhiyyə sisteminin daha da təkmilləşdirilməsinə, əhaliyə daha yüksəkkeyfiyyətli xidmətlərin göstərilməsinə səbəb olub.
Mərkəzin baş direktoru, həmçinin Ulu Öndərlə bağlı xatirələrini bölüşüb, konfransın işinə uğurlar arzulayıb.
Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli, şüa terapiya şöbəsinin rəhbəri İsa İsayev və mərkəzin şöbə müdiri Afiq Rəhimov Ümummilli Liderin səhiyyəmizə göstərdiyi diqqət və qayğının, ölkədə həyata keçirilən sosialyönümlü siyasətin bu sahədə mühüm nailiyyətlər əldə edilməsi, beynəlxalq arenada nüfuzumuzun yüksəlməsi ilə nəticələndiyini qeyd ediblər.
Tədbir zamanı, həmçinin Ulu Öndərin fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub, Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaşlara vəsiqələr təqdim edilib.
Konfrans elmi hissə ilə davam edib.
Qeyd edək ki, konfransın işinə mayın 11-də yekun vurulacaq.