Milli Onkologiya Mərkəzində elmi məsləhətləşmələr və təcrübə mübadiləsi keçirilir
Rusiya Federasiyası Sankt-Peterburq Şəhər Administrasiyasının Bakı şəhərinə səfəri çərçivəsində Dövlət Büdcə Səhiyyə Müəssisəsi N.P. Napalkov adına “Sankt-Peterburq İxtisaslaşdırılmış Tibbi Yardım Növlərinin (onkoloji) Klinik Elmi-Praktiki Mərkəzi”nin direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Federasiyasının əməkdar həkimi professor Vladimir Moiseyenko və mərkəzin patologiya şöbəsinin rəhbəri professor Kseniya Şelexova Milli Onkologiya Mərkəzində olublar.
Sankt-Peterburqdan gələn nümayəndə heyəti Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə görüşüblər. Görüş zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi ilə Dövlət Büdcə Səhiyyə Müəssisəsi N.P. Napalkov adına “Sankt-Peterburq İxtisaslaşdırılmış Tibbi Yardım Növlərinin (onkoloji) Klinik Elmi-Praktiki Mərkəzi” arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair razılaşma sənədi imzalanıb. Əməkdaşlığın məqsədi hər iki mərkəz arasında elmi-tədqiqat proqramlarının və elmi işlərin aparılması, təcrübə mübadiləsi, birgə elmi layihələrin işlənib hazırlanmasıdır. İmzalanma mərasimindən sonra qonaqlar Milli Onkologiya Mərkəzində yaradılan şəraitlə yaxından tanış olublar. Mərkəzin mütəxəssisləri və qonaqların birgə iştirakı ilə xəstə müayinələri aparılıb.
Daha sonra hər iki mərkəzin mütəxəssislərinin bədxassəli şişlərin diaqnostika və müalicəsinə aid mövzularda çıxışları dinlənilib. Çıxışlardan sonra mütəxəssislər arasında geniş fikir mübadiləsi və müzakirələr aparılıb.