Ulu Öndər Heydər Əliyev üçün səhiyyənin və tibb elminin inkişafı daim prioritet idi

|

Sentyabrın 24-də Bakıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Onkoloji xəstəliklərin müasir müayinə və müalicə üsulları” mövzusunda konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Türkiyənin Bayındır Xəstəxanası ilə birgə təşkil edilib.

Konfransın əvvəlində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş sənədli film nümayiş olunub.

Konfransı Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin adından baş həkim Azad Kərimli açıb.

Baş həkim tədbirdə onkologiyanın, hematologiyanın müayinə və müalicəsində son nailiyyətlərin, müasir yanaşmaların qarşılıqlı qardaşlıq mühitində müzakirə edilməsinin əhəmiyyətindən bəhs edib: “Türkiyə ilə birlikdə təşkil edilən konfransın həm elmi-praktik, həm də təcrübə mübadiləsi baxımından hər iki tərəf üçün faydalı olacağına ümidvaram".

"Heydər Əliyev və Azərbaycan" mövzusunda məruzə edən baş həkim Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişafından danışıb. Qeyd olunub ki, Heydər Əliyev üçün insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması prioritet olub. Ümummilli Liderin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığının yüksək vüsət aldığı, yeni elmi mərkəzlərin açıldığı, təbabət üzrə elmi–tədqiqat institutlarının fəaliyyətinin canlandırıldığı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfransların, forumların keçirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. "Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, bu sahədə atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin strategiyasının uğurla davam etdirilməsinin təzahürüdür", - deyə A.Kərimli qeyd edib.

Konfrans sessiyalarla davam edib.

Tədbirdə Milli Onkologiya Mərkəzi, Azərbaycan Tibb Universiteti, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin mütəxəssisləri və Türkiyə Bayındır xəstəxanasından olan həkimlər bədxassəli şişlərin müasir diaqnostika və müalicəsi mövzusunu əhatə edən təqdimatlarla çıxış ediblər. Konfrans zamanı baş-boyun, süd vəzi, qadın reproduktiv sistemi, qastrointestinal və digər lokalizasiyalı şişlərə yanaşma mövzusu ətrafında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, konfrans davamlı tibbi təhsil üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurası tərəfindən akkreditasiya olunub.