Məşhur cərrah Zaher Halvani Milli Onkologiya Mərkəzində olmuşdur

|

2019-ci il aprelin 22-də Almaniyanın Vivantes Humboldt Hospitalının mama-ginekologiya şöbəsinin rəhbəri, məşhur cərrah-ginekoloq Zaher Halvani Milli Onkologiya Mərkəzində olmuşdur. Almaniyalı həkim Milli Onkologiya Mərkəzinə ziyarəti zamanı bu səhiyyə ocağının bir sıra aparıcı şöbələrinə baş çəkmiş, buradakı şərait və onkoloji, o cümlədən onkoginekoloji xəstəliklərin terapiyasında istifadə edilən, son standartlara uyğun avadanlıqlarla yaxından tanış olmuşdur.

Qonağın Milli Onkologiya Mərkəzinə səfər proqramına uyğun olaraq burada yerli cərrahların iştirakı və yaxından müşahidəsi altında bir sıra cərrahiyyə əməliyyatları keçirilmişdir. Tanışlıq və birgə cərrahiyyə əməliyyatları prosedurlarından sonra Mərkəzdə onkoginekoloji xəstəliklərə multidisipilinar yanaşma mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə onkoginekoloji xəstəliklər və onların müalicəsində tətbiq olunan müasir üsullar barədə ətraflı fikir mübadiləsi aparılmışdır. Diskussiyalarda Milli Onkologiya Mərkəzinin həkimləri və mütəxəssisləri ilə bərabər, oxşar profilli digər xəstəxanaların həkimləri də iştirak etmişlər. Həmkarları qarşısında geniş mühazirə ilə çıxış edən dr. Zaher Halvani özbilik və təcrübəsini tədbir iştirakçıları ilə bölüşmüşdür. Tədbirdə həmçinin Milli Onkologiya Mərkəzinin iki həkimi də sözügedən mövzu ilə bağlı maraqlı mühazirə oxumuşlar. Daha sonra tədbir sual- cavab sessiyası formasında interaktiv şəkildə davam etmişdir. Tədbir iştirakçılar tərəfindən böyük marağa səbəb olmuşdur.