Dünya şöhrətli mütəxəssis Milli Onkologiya Mərkəzində olmuşdur

|

         Oktyabrın 12-14-də Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə  Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin təşkil etdiyi beynəlxalq konqresdə Amerika, Avropa və Asiyanın 30  ölkəsinin  mütəxəssisi  öz bilik və təcrübələrini bölüşmək üçün Bakıda olmuşlar.

Beynəlxalq konqresin işində baş-boyun onkologiyası üzrə dünyada məşhur mütəxəssis, professor  Jatin Şah da iştirak etmişdir. Professor J. Şah baş və boyun cərrahiyyəsi sahəsində beynəlxalq səviyyəli, çox nüfuzlu mütəxəssis, 1986-cı ildə yaradılmış Beynəlxalq Baş-Boyun Onkologiyası Cəmiyyətləri Federasiyasının təsisçisidir. O, hazırda ABŞ-ın Cornell Universitetinin Weil Tibb Kollecinin cərrahiyyə üzrə professoru, Baş-boyun xidmətinin rəisi, Baş-boyun xəstəlikləri üzrə  İdarəetmə  qrupunun rəhbəridir. Prof. J.Şah Memorial Sloan Kettering Xərçəng Mərkəzində Baş-boyun onkologiyası şöbəsinin rəhbəridir.

         Professor J.Şah dünyanın müxtəlif elm ocaqlarının və akademiyalarının nüfuzlu  mükafatlarına layiq görülüb, Böyük Britaniyanın ‘Royal College of Surgeons’ fəxri üzvüdür. O, Rusiyada onkologiya üzrə ən yüksək mükafat olan N.N. Bloxin qızıl medalına layiq görülüb. Avropa, Asiya, Avstraliya, Afrika və Latın Amerikasının bir çox  Baş və Boyun Onkologiyası Cəmiyyətlərinin fəxri üzvüdür. Professor J.Şah 18 elmi jurnalın Redaksiya  Şurasının üzvü, 300-dən çox məqalənin və 7 kitabın müəlifidir.

         Konqresdə baş-boyun onkologiyası problemləri geniş şəkildə müzakirə olunmuşdur. Baş-boyun onkologiyasına həsr edilmiş sessiyalarda professor J. Şah, Milli Onkologiya Mərkəzi Baş-boyun cərrahiyyəsi şöbəsinin cərrahı professor Əziz Əliyev ilə bərabər, Amerika  Birləşmiş Ştatlarından olan digər onkoloq – professor   Robert Ord, Yunanıstandan onkoloq, professor  Kristos Perisanidis, Rusiya Federasiyasından akademik  Igor Reşetov və digər mütəxəssislər iştirak etmişlər.  Sessiyalar intensiv fikir mübadiləsi və maraqlı disskusiyalar şəkilində keçmişdir.  

         Profesor J. Şah Milli Onkologiya Mərkəzində olmuşdur. Mərkəzin baş direktoru akademik Cəmil Əliyev professor J.Şaha Mərkəz haqqında məlumat vermişdir. Akademik Cəmil Əliyev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dəstəyi ilə Milli Onkologiya Mərkəzində ən müasir avadanlıqlarla təchiz olunmuş yeni korpuslar tikilmişdir.   Təməli 2006-cı ildə qoyulan cərrahiyyə korpusunun 2009-cu ildə açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Onkologiyası Klinikası fəaliyyətə başlamışdır. Professor J. Şah Mərkəzin Baş-boyun cərrahiyyəsi şöbəsi və digər şöbələrini gəzmiş, Mərkəzdə yaradılan şəraitlə yaxından tanış olmuş, həkim və rezidentlərlə görüşmüşdür. Professor Jatin Şah Mərkəzin muzeyi ilə tanışlıqdan sonra öz ürək sözlərini qeyd edərkən akademik Cəmil Əliyev haqqında demişdir: «Mən təəccüblənirəm ki, bir ömür ərzində insan bu qədər nəhəng və möhtəşəm bir mərkəzi yaratmağı necə bacarmışdır?».