Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü - akademiki adına və "Türk dünyasına xidmət" Beynəlxalq Qızıl Medalına layiq görülüb.

|

   28 sentyabr 2015-ci ildə Türkiyənin nüfuzlu elm ocaqlarından biri olan Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu Əliyev Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Bundan əlavə, onkologiya elminin inkişafında qazandığı görkəmli nailiyyətlərə görə, Cəmil Əziz oğlu Əliyev akademiyanın “Türk dünyasına xidmət” Böyük Beynəlxalq Qızıl Medalı ilə də təltif edilmişdir.

   10 noyabr 2015-ci ildə fəxri adı və mükafatı akademikə təqdim etmək üçün Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının prezidenti Hayrettin İvgi və akademiyanın digər  həqiq üzvlərindən  Nail Tan, Tuncer Gülensoy  və Ali Berat Alpteki  ARSN Milli Onkologiya Mərkəzinin qonağı olmuşdular.

   Mükafatlandırma mərasimi Milli Onkologiya Mərkəzinin konfrans zalında baş tutdu.  Tədbirin açılışı AR SN-nin baş onkoloqu, MOM-un baş həkimi A.A.Kərimlinin sözləri ilə başladı: “Bu gün qardaş Türkiyənin  çox ünlü akademiklərinin də  qatıldığı bu tədbir əlamətdar bir hadisəyə həsr edilmişdir. Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyəti 28 sentyabr 2015-ci il tarixdə ölkəmiz, xalqımız, xüsusilə də   Azərbaycan Milli Onkologiya Mərkəzinin kollektivi üçün çox önəmli olan əlamətdar bir qərar qəbul etmişdir. Bütün dünyada böyük nüfuz və hörmət qazanmış  bu mötəbər Akademiyanın qərarı ilə  Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu Əliyev  Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.  Həmçinin, onkologiya elminin inkişafında qazandığı  görkəmli nailiyyətlərə görə, Cəmil Əliyev  akademiyanın  çox nüfuzlu, nadir hallarda təqdim edilən “Türk dünyasına xidmət” Böyük Beynəlxalq Qızıl Medalı ilə də təltif edilmişdir.    Bu gün həmin fəxri adı və mükafatı hörmətli akademikə təqdim etmək üçün Türkiyədən ölkəmizə təşrif  buyuran  çox hörmətli akademikləri  salamlayır və onlara ürəkdən “Xoş gəlmisiniz “deyirik.”

   Açılışdan sonra söz  Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının prezidenti Hayrettin İvgiyə verildi. O, tədbir iştirakçılarının ürəkdən salamlayaraq çıxışını  davam etdirdi : “Azərbaycan bizim üçün doğma diyar, ikinci Vətəndir və bu isti qarşılanma bir daha sübut edir ki, ölkələrimiz arasında qardaşlıq, dostluq və səmimiyyət əbədidir və bu ölkələrimizin ayrı-ayrı strukturlarının qarşılıqlı münasibətlərində də özünü açıq şəkildə göstərir.

   Biz Azərbaycana  xoş bir missiya ilə gəlmişik. Azərbaycan elminin çox nüfuzlu nümayəndəsi, dünya  şöhrətli alim Cəmil Əliyevin Türkiyənin nüfuzlu elm ocağı - Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyasının ən yüksək mükafatlarına – Akademiyamızın həqiqi üzvü-akademiki seçilməsi və “Türk dünyasına xidmət “ Beynəlxalq Böyük Qızıl Medalını təqdim etmək üçün gəlmişik Akademiyamızın bu seçimi və qərarı heç də təsadüfi deyildir. Tam səmimiyyətimlə deyirəm, akademik Cəmil Əliyevin adı  Türkiyənin təkcə onkologiya sahəsində deyil, bütün elmi dairələrində yaxşı tanınır və hörmətlə qarşılanır. Bir Akademiya olaraq Cəmil Əliyevin keçdiyi həyat və fəaliyyət yoluna nəzər saldıqda gözlərimiz önündə çox nəhəng, öz işinin ustası olan, həyat amalı insanların sağlamlığı keşiyində durmaq olan, özündən sonra yüzlərlə gənc mütəxəssis yetişdirən nəhəng bir insanı gördük. Araşdırmalar bizi Azərbaycanın sərhədlərindən çox-çox uzaqlara aparıb çıxardı. Məlum oldu ki, Cəmil Əliyev Rusiyanın, Gürcüstanın, Azərbaycanın Milli Elmlər Akademiyalarının, həmçinin Avropa Təbiət Elmləri Akademiyasının  akademiki,  İngiltərənin Hammersmit Kral Universitetinin və ABŞ-ın MD Anderson Xərçənglə Mübarizə Mərkəzinin fəxri professorudur. Tam səmimi deyirəm, bir türk insanının, bir Azərbaycan aliminin belə yüksək məqama çatması haqqında əldə etdiyim məlumat mənim üçün çox xoş və qürurverici idi! Həm də bu mərkəz Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzini özünün post sovet məkanında yeganə tərəfdaşı seçmişdir və yaxın günlərdə bu niyyət rəsmiləşdiriləcəkdir”

   Akademik Hayrettin İvgi Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının  tarixi barədə tədbir iştirakçılarını məlumatlandırdı: “Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası  türk dünyasında və türk icmalarının  yaşadığı ölkələrdə türk dilini, türk mədəniyyətini, türk tarixini, türk  ədəbiyyatını  öyrənmək, araşdırmaq və yaymaq məqsədi ilə yaradılmış və sonra davamlı olaraq inkişaf etmiş  beynəlxalq elmi təşkilatdır.

   Akademiya yarandığı ilk gündən indiyədək dünyanın 30-dan artıq ölkəsinin nüfuzlu universitetləri, araşdırma institutları, akademiyaları, elmi mərkəzləri, fondları və digər qurumları ilə qarşılıqlı əlaqələr yaratmışdır.  

   Akademiyanın ABŞ, Fransa, İtaliya, İngiltərə, Almaniya, Belçika, Rumıniya, İsveçrə, Hollandiya, İran, Rusiya, Suriya, İordaniya, Misir, Ukrayna, Iraq, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırgızıstan, Bolgarıstan, Moldova, Kosova, Makedoniya, Yunanıstan, Çin kimi ölkələrdə rəsmi təmsilçilikləri  fəaliyyət göstərir. Türkiyənin məşhur elm və ictimai xadimləri Baheddin Günay, İhsan Doğramacı, Fikret Türkmen,Namiq Kamal Zeybek, Turan Yazqan, Azərbaycandan Ramiz Mehdiyev, Arif Mehdiyev, Arif Paşayev, Siyavuş Qarayev, Şimali Kiprdən  Ata Atun, Arif Albayrak, Belçikadan  Con Devreker, İrandan Ali Daşkın,  və başqaları Akademiyanın  akademikləri seçilmişlər.

   Türk dünyasının  çox məşhur insanları – Süleyman Dəmirəl, Rauf Denktaş, Nursultan Nazarbayev, Əli Əliyev, Çingiz  Aytmatov, Qulamrza Səbri Təbrizi və başqaları Akademiyanın ən yüksək mükafatı olan  “Türk dünyasına xidmət “ Beynəlxalq Böyük Qızıl Medalına layiq görülmüşlər”

   Akademiyanın prezidenti  iki ölkə arasında onkologiya sahəsində əməkdaşlıq  haqqında danışaraq: ”İki qardaş ölkə arasında onkologiya sahəsində əməkdaşlıqdan saatlarla danışmaq olar. Mən tam cəsarətlə bildirirəm ki, Milli Onkologiya Mərkəzi ilə tanışlıq zamanı bir daha əmin oldum ki, türk mütəxəssislərinin burada öyrənəcəkləri çox məqamlar vardır.”- deyə vurğuladı.

   Akademik Hayrettin İvgi  çıxışının sonunda  akademik Cəmil Əliyevin Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının yüksək mükafata təqdim etdikləri  tanınmış şəxsiyyətlər arasında ən aparıcı yeri tutduğunu xüsusilə  qeyd etdi.

   Çıxışından sonra Hayrettin İvgi  Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının  mantiyasınını, akademik diplomunu və Qızıl Medalı akademik C.Ə.Əliyevə təqdim etdi.

   Mükafat təqdim edildikdən sonra söz  Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əziz oğlu  Əliyevə verildi: ”Hörmətli qonaqlar,  hörmətli həmkarlar !  Türk Dünyası Araşdırmaları  Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü olmasına layiq gördüyünüzə görə,  eləcə də “Türk dünyasına xidmət” Böyük Beynəlxalq Qızıl Medalına görə  Sizə təşəkkürümü bildirirəm.

   İlk olaraq vurğulamaq istəyirəm ki, məhz dövlət başçısnın məqsədyönlü daxili və xarici siyasətinin  nəticəsidir ki,  Azərbaycan qabaqcıl dövlətlər sırasında öz layiqli yerini tutub. Hər sahədə inkişaf edən Azərbaycan tibb sahəsində də iri addımlarını atır. Buna bariz nümunə Qafqazda ən böyük tibb mərkəzi sayılan - Milli Onkologiya  Mərkəzi  fəaliyyət göstərir. Dövlət başçısının daimi nəzarətində olan Mərkəzimiz getdikcə inkişaf edir. Mən fəxrlə deyə bilərəm ki, zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər. Milli Onkologiya Mərkəzi bu gün respublika əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda  Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz edilib. Bu qayğı və diqqətə görə cənab İlham Əliyevə  həm öz adımdan, həm də  Mərkəzin işçiləri adından  təşəkkürümü bildirirəm.

   Qeyd edim ki, Mərkəzin əməkdaşları tərəfindən respublikamızın onkoloji xidmətinin strukturunun təşkili, bədxassəli şişlərin erkən diaqnostikası və bu xəstələrə müasir cərrahi, şüa və dərman müalicəsinin aparılması, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi istiqamətində böyük elmi araşdırmalar aparılır. Əlbəttə, bütün bunlar sevindirici bir haldır. Lakin  bir şeyi qeyd etməyi özümə borc bilirəm. Bütün bu nailiyyətlər və uğurlar  Mərkəzin mehriban kollektivin əməyi sayəsində həyata keçir. Hesab edirəm ki, bu mükafat yalınız mənə yox, Mərkəzin bütün kollektivinə təltif olunub , çünki Milli Onkologiya Mərkəzinin yüksək səviyyədə  inkişafı üçün  bir nəfərin əməyi kifayət deyil, burada çalışan kollektivin bütün üzvləri,  sıravi işçilərdən  tutmuş yüksək ixtisaslı mütəxəssislərə kimi Mərkəz üçün  daim çalışır və öz əməyini əsirgəmir . Bu hər işçimizin  amalıdır. Ona görə də mən, Sizi bu uğurla hamınızı təbrik edirəm, sizə öz işinizdə yeni –yeni nailiyyətlər və  müvəffəqiyyətlər arzu edirəm. Çox sağ olun”

FOTO