Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib

|

Azərbaycan Tibb Universitetinin (ATU) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Toplantıda Avropa, Amerika, Türkiyə, Rusiyadan tutmuş Çinə qədər dünyanın 40-dan ölkəsindən universitet rəhbərləri, alimlər, tibb elminin nümayəndələri və ziyalılar iştirak ediblər. Konfran çərçivəsində keçirilən 18 elmi simpoziumda isə 200-ə yaxın alim çıxış edib.

Təntənəli açılış nitqi ilə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli 90 yaşını qeyd edən ali məktəbin yubiley hazırlıqları, tarixi və müasir dövrdə fəlaiyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.

Rektor xatırladıb ki, bu il mayın 14-də ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb. Bundan dərhal sonra Səhiyyə və Təhsil Nazirliklərinin dəstəyilə yubileyə hazırlıq üzrə geniş miqyaslı işlərə başlanılıb. Yubiley münasibətilə “Azərbaycan Tibb Jurnalı”nın və “Sağlamlıq” jurnalının bir nömrəsi tam şəkildə ATU-nun 90 illiyinə həsr edilib. Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla ATU-ya həsr edilmiş broşur çap olunub. Universitetin 90 illiyinə aid kitab, yubiley medalı və nəzərdə tutulan digər atributlar hazırlanıb.

Professor G.Gəraybəyli qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ATU-nun 90 illiyinin bu ilin payız semestrinin əvvəllərində keçirilməsi nəzərdə tutulurdu: “Lakin sentyabrın 27-də ölkəmizin tarixində bir möcüzə baş verdi. Bu möcüzənin yaradıcısı və ilhamverici qüvvəsi Ali Baş Komandan cənab Prezident İlham Əliyev oldu. Ali Baş Komandanın yaratdığı əzəmətli Azərbaycan Silahlı Qüvvələri erməni terroristlərinin təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində Silahlı Qüvvələrimiz torpaqlarımızı erməni işğalından azad etdi. BMT-nin Təhlükəsizlik Şurasının 30 ildə edə bilmədiyini və ya etmək istəmədiyini Ali Baş Komandan və rəşadətli Silahlı Qüvvələr qısa müddətdə həyata keçirdi”.

ATU rektoru qeyd edib ki, 44 gün ərzində universitetin yetirmələri olan həkimlər gecə-gündüz yaralı əsgərlərimizin qulluğunda dayanıblar, erməni terrorçularının qurbanlarına çevrilmiş dinc əhalini müalicə ediblər: “Onlar bunun öhdəsindən şərəflə gəldilər. Bütün həkimlərimiz, tibb işçilərimiz əsgərlərimizlə birlikdə bayrağımızı yüksəklərə qaldırdılar, Azərbaycan Tibb Universitetinin başını uca etdilər. ATU-nun məzunları və müəllimləri həm I və II Qarabağ müharibəsində, həm də pandemiyaya qarşı müharibədə qəhrəmanlıq nümunəsi göstərdilər”. Rektor qeyd edib ki, bu il ATU məzunları və əməkdaşları iki düşmənə qarşı – erməni terrorçuları və COVİD-19 pandemiyasına qarşı savaşıblar. ATU-nun klinikalarında həkimlər, həm də universitet məzunları ölkənin müxtəlif xəstəxanalarında, hospitallarda gecə-gündüz peşə borclarını fədakarcasına yerinə yetirərək xalqımızın infeksiyaya yoluxan nümayəndələrinin böyük əksəriyyətini ölümün pəncəsindən xilas edirlər.

Rektor professor Gəray Gəraybəyli ATU-ya dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan da söz açıb. Qeyd edib ki, ATU-nun maddi-texniki bazasının qurulması, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasının möhkəm bünövrəsinin yaradılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. ATU-nun 11 mərtəbəli 5 nömrəli tədris korpusunun, 400 yerlik unikal Akt zalının, Tədris Stomatoloji Klinikasının, Hərbi-tibb fakültəsinin və s. yaradılması dahi Heydər Əliyevin qayğısı sayəsində baş tutub: “Son 17 ildə isə bu xeyirxah missiya cənab Prezident İlham Əliyev, eləcə də birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. Ulu Öndər ölkəmizə rəhbərlik edərkən dörd dəfə ATU-da olub, ona əsil atalıq qayğısı göstərib. Ümummilli liderin davamçıları olan zati-aliləri cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva qısa müddətdə 3 dəfə Azərbaycan Tibb Universitetində olublar. Məhz onların qayğısı ilə ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə və Onkoloji Klinikalar qısa müddətdə tikilib istifadəyə verilib”.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli bu diqqətə görə, həmçinin möhtəşəm Qələbə münasibətilə konfrans iştirakçıları adından dövlət başçısına dərin minnətdarlığımızı, təşəkkürlərimizi çatdırıb. O cümlədən, ölkəmizin bütün səhiyyə və təhsil işçilərini, ATU-nun bütün məzunlarını, tələbə-gənclərini, rezident və magistrlərini hamımızın “Alma materi” olan bu qocaman tibb təhsili ocağının yaranmasının 90 illiyi münasibətilə ürəkdən təbrik edir, hamıya yeni-yeni nailiyyətlər diləyib.

Rektorun çıxışından sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda Azərbaycanla yanaşı, dünya miqyaslı tanınmış alim və ziyalıları, xarici ölkələrin ali məktəblərinin rektorları, rəsmi şəxslər çıxış edərək ATU-nu yubiley münasibətilə təbrik ediblər.

Təbrik nitqi ilə çıxış edənlər arasında Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Elsevər Ağayev, Ankara Universitetinin rektoru prof. Necdet Ünüvar, Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri akademik Əhliman Əmiraslanov, AMEA-nın Vitse-prezidenti Akademik İradə Hüseynova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru prof. Əziz Əliyev, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov, İstanbul Üniversitesi-Cərrahpaşa rektoru prof. Nuri Aydın, Qazi Universitetinin rektoru prof. Musa Yıldız, Dünya Pediatriya Assosiasiyasının sədri, Türkiyə Milli Pediatriya Dərnəyinin icraçı direktoru prof. Ənvər Həsənoğlu, Türkiyə Endoskopik-Laparoskopik Cərrahiyyə Dərnəyinin sədri, Fransa Cərrahlar Cəmiyyətinin üzvü prof. Cavit Avcı, Rusiya Elmlər Akademiyasının üzvü akademik Anatoli Martinov İvanoviç, Təbriz Tibb Elmləri Universitetinin rektoru professor Mohammad Hossein Somi, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru prof. Ghodrat Axavan-Akbari , Riphah Bbeynəlxalq Universitetinin rəhbəri Mr. Hassan Muhammad Khan, Dağıstan Dövlət Tibb Universitetinin rektoru professor Süleyman Mamayev, Həştərxan Dövlət Tibb Universitetinin rektoru professor Olqa Başkina, Tbilisi Dövlət Tibb Universitetinin rektoru professor Zurab Vadaçkoria, BRIMEA (Belt and Road International Medical Education Alliance) Çin Tibb Universitetinin rəhbəri Wen Deliang, Qansu Universitetinin prezidenti Li Jintian var idi.

Təbrik nitqi ilə çıxış edənlər azərbaycanlı alimlər ATU ilə bağlı xatirələrini səsləndirdilər. Xarici qonaqlar da çıxışlarında ATU-nun Azərbaycanda tibb elminin inkişafında rolu, tibb üzrə ixtisaslı kadrların yetişdirilməsi işinə verdiyi töhfə, tibb təhsili üzrə beynəlxalq münasibətlərin gücləndirilməsi üçün sərf olunan böyük zəhməti haqqında fikirlərini açıqladılar.

Konfransın açılışında həm də akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı, ABŞ Milli Elmlər Akademiyasının, Türkiyə Elmlər Akademiyasının üzvü, 2015-ci il Kimya üzrə Nobel mükafatçısı prof. Aziz Sancar da ATU-nun yubileyi münasibətilə konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb. Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru dos. Rauf Bəylərov məktubu səsləndirib.

Sonra ATU-nun yaradılmasının 90 illiyinə həsr edilmiş konfrans iştirakçıları adından Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Zəfər Bayramı münasibətilə təbrik məktubunun hazırlanması qərara alınıb. Məktubun mətni ATU-nun elmi katibi professor Nazim Pənahov tərəfindən səsləndiridikdən sonra yekdilliklə təsdiqlənib.

Təbrik nitqindən sonra Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans sektorlar üzrə müxtəlif mövzulara həsr edilmiş simpoziumlarla işini davam etdirib. “COVID-19 – XXI əsrin pandemiyası” adlı birinci bölmədə ATU-nun professor-müəllim heyəti tərəfindən virusun genetikası, Azərbaycanda pandemiya dövründə böyrək xəstəliklərinin idarə olunması, Pandemiya zamanı psixi pozuntular, virusun qadın və uşaqlara təsiri kimi mövzularda məruzələr səsləndirilib. Gün boyunca “Serebrovaskular xəstəlikləri və insult menecmentin müasir aspektləri”, “Piylənmə və bariatrik cərrahiyyə”, “Uşağın həyatının ilk 1000 günü” kimi maraqlı bölmələrdə də çıxışlar olub.

Konfransın ikinci günündə “Uşaqlarda anadangəlmə inkişaf qüsurlarının diaqnostika və cərrahi mualicəsi”, “Qastroesofaqal reflyuks – fənlər arası problem”, “Şüa diaqnostikasının müasir aspektləri”, “Perinatal dövrdən böyüklərə gədər uro-nefrologiyanın diaqnostik və müalicə strategiyası”, “Cərrahiyyədə innovasiyalar və perspektivlər”, “Pediatriyada miflər və reallıq”, “Maddədən dərmana gedən yol” və digər maraqlı mövzularda elmi araşdırmaların nəticələri təqdim olunub.