Rusiya nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur
Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru Qriqori Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti BNTİ-də Azərbaycanın tam səlahiyyətli nümayəndəsi, Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimovun müşayiəti ilə Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Mərkəzində olub. Nümayəndələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə səmimi görüşüb, fikir mübadiləsi etmişlər.
Qonaqlara Nüvə Təbabəti Mərkəzindəki avadanlıqlar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Mərkəz 2016-cı ildə yaradılıb. Nümayəndə heyətinə xərçəng xəstəliklərinin erkən aşkarlanmasında böyük əhəmiyyəti olan Nüvə Təbabəti Mərkəzində təcrübəli kadrların çalışdığı bildirilib. Onların xarici ölkələrdə təhsil aldıqları və təcrübə keçdikləri qeyd olunub. Görüşdə mərkəzlə BNTİ-nin əməkdaşlığının perspektivləri müzakirə olunub.