Milli Onkologiya Mərkəzi əməkdaşlarının nüfuzlu beynəlxalq jurnalda məqalələri dərc olunmuşdur



Milli Onkologiya Mərkəzi əməkdaşlarının onkologiya sahəsində dünyanın ən nüfuzlu elmi nəşrlərindən biri olan "The Lancet Oncology" jurnalında məqalələri dərc edilib.
Milli Onkologiya Mərkəzinin şüa terapiya bölməsinin böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Kamal Kazımovun və tibbi fizika və kliniki topometriya şöbəsi müdiri Rövşən Rzayevin də müəliflərdən biri olduğu “Baltika ölkələri, Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda xərçəng xəstələri üçün diaqnostik görüntüləmə və radioterapiya texnologiyalarına çıxış: ətraflı analiz” adlı məqalə jurnalın oktyabr sayında çap edilmişdir.
Aparılmış tədqiqatın əsas məqsədi Baltikyanı ölkələr, Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda xərçəng xəstələrinin diaqnostik görüntüləmə və radioterapiya xidmətlərinə çıxış imkanlarını qiymətləndirmək olmuşdur. Tədqiqat hər ölkədə mövcud olan resursları, o cümlədən avadanlıq və radioterapiya üzrə ixtisaslaşmış mütəxəssislərin sayını təhlil edərək, regionda xərçəng müalicəsinin vəziyyəti haqqında geniş məlumat təqdim edir. Araşdırma zamanı 12 ölkədən 107 tibbi müəssisənin məlumatları təhlil edilmişdir. Tədqiqat analizə daxil edilmiş ölkələrin üzləşdiyi çətinlikləri vurğulayır.
Jurnalın bu ilin avqust sayında Nüvə təbabəti və radionuklid terapiya şöbəsinin rəhbəri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzovun da müəliflərdən biri olduğu “Yüksək dərəcəli (grade) neyroendokrin şişlərdə immun-PET” adlı məqalə də çap olunmuşdur.Kiçik hüceyrəli ağciyər xərçəngi və prostat vəzi xərçəngi olan xəstələrdə aparılmış bu tədqiqat elmi yeniliyi və xəstələrin nəticələrini yaxşılaşdırmaq, müalicənin effektivliyini artırmaq və müalicə ilə bağlı toksikliyi minimum endirmək potensialı ilə böyük əhəmiyyət kəsb edir.
"The Lancet Oncology" (Impact Factor: 41,6) jurnalı onkoloji tədqiqatlar üzrə qlobal səviyyədə ən aparıcı platformalardan biri hesab edilir və onkologiya sahəsində aktual problemləri araşdıran qabaqcıl elmi işləri yayımlayır.
Milli Onkologiya Mərkəzinin əməkdaşlarının beynəlxalq səviyyəli tədqiqatlarda iştirakı böyük uğurdur. Onlar elm və tədqiqat sahəsində fəaliyyətlərini davam etdirərək, bu sahənin inkişafına töhfələrini verməyə davam edirlər.
https://www.thelancet.com/journals/lanonc/article/PIIS1470-2045(24)00452-2/fulltext
https://www.thelancet.com/journals/lanonc/article/PIIS1470-2045(24)00314-0/abstract