Professor Holger Lode Milli Onkologiya Mərkəzində olub

|

Martın 4-də Almaniyanın Greifswald Tibb Universitetinin Ümumi pediatriya, uşaq hematologiyası və onkologiyası kafedrasının professoru Holger Lode Milli Onkologiya Mərkəzində olub.

Professor Holger Lode Mərkəzin Baş direktoru, akademik Cəmil Əliyevlə görüşüb. Görüş zamanı akademik Cəmil Əliyev qonağa Mərkəzin fəaliyyəti, burada tətbiq olunan müasir diaqnostika və müalicə üsulları haqqında ətraflı məlumat verib. O, onkoloji xəstəliklərin müasir və multidisiplinar yanaşma tələb etdiyini və bu məqsədlə lazımi diaqnostika və müalicə metodlarının bir mərkəzdə cəmlənməsinin əhəmiyyətini vurğulayıb. Professor Lode Mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Professor Holger Lode Almaniya , Avropa və Amerikanın bir sıra uşaq onkoloğiya və hematoloğiya elmi təşkilatlarının üzvüdür. O, Uşaq Onkologiyası üzrə Beynəlxalq Cəmiyyətin, Avropa Neyroblastoma Tədqiqat Qrupunun üzvüdür. Professor H.Lode neyroblastoma xəstəliyində ganglioside GD2-yə qarşı monoklonal anticisimlərin effektivliyi araşdırılması və klinik tətbiqində fəal iştirak etmişdir. Hal-hazırda o, bu anticisimləri araşdıran beynəlxalq klinik sınaqlara rəhbərlik edir.

Görüşdən sonra professor Holger Lode neyroblastomanın immunoterapiyası mövzusunda çıxış edib. Onun məruzəsi böyük maraqla dinlənilb, Mərkəzin həkim və rezidentləri ilə elmi müzakirələr aparılıb. Professor Lode Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq etməyə daim hazır olduğunu bildirib.