Milli Onkologiya Mərkəzində görüş keçirilmişdir
Sentyabrın 2-də ABŞ-ın Çikaqo İllinoys Universitet Xəstəxanasının Plastik rekonstruktiv və estetik cərrahiyyə şöbəsinin rəhbəri, Xəstəxananın Kraniofasial Mərkəzinin direktoru professor Mimis Koen Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevlə görüşmüşdür.
Görüş zamanı akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin fəaliyyəti və tarixi haqqında qonağa geniş məlumat vermişdir. Akademik Cəmil Əliyev Mərkəzin 1500 çarpayılıq klinik bazaya malik, müasir avadanlıqlarla təmin olunmuş ixtisaslaşmış elmi-tədqiqat müəssisəsi olduğunu diqqətə çatdırmışdır.
Professor Mimis Koen tibb sahəsində müstəsna xidmətlərinə görə Azərbaycan Onkoloqlar Cəmiyyətinin Fəxri Üzvü seçilmişdir. Cəmiyyətin sədri akademik Cəmil Əliyev tərəfindən Fəxri üzvülük sertifikatı qonağa təqdim edilmişdir.
Prof. Mimis Koen Çikaqoda öz sahəsi üzrə tanınmış mütəxəssisdir. O, klinik fəaliyyəti ilə yanaşı həm də elmi-tədqiqat işi ilə geniş şəkildə məşğul olur. Professor Mimisin 160-dan çox məqaləsi dərc olunub, bir sıra kitabların redaktorudur, uzun illər Plastik rekonstruktiv cərrahiyyə üzrə bir sıra cəmiyyətin prezidenti kimi fəaliyyət göstərib.
Görüşdən sonra qonaq “Baş-boyun və süd vəzi plastik rekonstruktiv cərrahiyyəsi, süni intelektin və müasir proqramların rekonstruktiv və estetik cərrahiyyədə istifadəsi” mövzusunda çıxış etmişdir, Mərkəzin həkimləri ilə müzakirələr aparmışdır.