Azərbaycan və italiyan alimlərinin birgə apardığı elmi tədqiqatın nəticələri nüfuzlu jurnalda dərc edilmişdir

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Biofizika İnstitutunun və  İtaliyanın Nanotexnologiya İnstitutunun elmi işçilərinin “ACS Applied Nano Materials” adlı nüfuslu jurnalda “Tailoring Gold Nanoisland-Based Biosensors for Ultrasensitive Detection of Doxorubicin in Biological Fluids” adlı məqaləsi dərc olunub. Qeyd edək ki, “ACS Applied Nano Materials” jurnalı (IF=5.3, CiteScore=8.3) etibarlı, çox istinad edilən və oxunan keyfiyyətinə görə “Q1” jurnallar siyahısına daxildir.

Müxtəlif faktorları nəzərə alaraq uyğunlaşdırılan "Fərdiləşdirilmiş tibb" yanaşmasının əsas məqsədi, xəstə üçün müalicənin yan təsirlərini minimuma endirərək, onun mümkün olan ən yüksək effektivliyini təmin etmək və optimallaşdırmaqdır.  Bu məqsədlə aparılan tədqiqat çərçivəsində, xərçəng müalicəsində tətbiq olunan Doksorubisinin (DOX) xəstələrin qan plazmasındakı səviyyəsi izlənilmişdir. Bunun üçün xüsusi biosensorlar hazırlanmışdır. Bu yeni metod dərmanın qan serumunda ultrasensitiv və sürətli şəkildə aşkarlanmasına imkan verir. Bu həssaslıq hətta sulandırılmış nümunələrdə belə saxlanılır. Yeni texnologiyanın tətbiqi dərmanın xəstənin qan plazmasında geniş diapazonda, hətta çox aşağı konsentrasiyalarda belə təyin edilməsini təmin edir. Bu yanaşma ciddi yan effektləri olan, dozası xəstənin çəkisinə görə təyin edilən DOX-la müalicə zamanı dərmanın zamandan asılı olaraq dəyişməsini izləməyə imkan verir. Bu isə öz növbəsində xəstələrdə DOX-un dəqiq dozasını təyin etməklə dərmanın effektivliyini artıra, yan təsirlərinin isə minimuma enməsinə kömək edə bilər. İlk kimyaterapiya zamanı xəstənin çəkisinə görə hesablanan DOX-un dozası sonradan biosensor-metod vasitəsi ilə yenidən hesablanmaqla tətbiq edilə bilər.  

https://pubs.acs.org/doi/10.1021/acsanm.4c01827#