Azərbaycanda onkoloji xəstələrin müalicəsi ən müasir avadanlıqlarla aparılır

|

Ölkəmizdə onkoloji xəstələrin müalicəsi dünyada mövcud olan ən son avadanlıqlarla aparılır.

Bu sözləri Nüvə Təbabəti Mərkəzinin rəhbəri Fuad Novruzov jurnalistlərə müsahibəsində deyib.

Fuad Novruzov bildirib ki, dövlət başçısının dəstəyi, Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü ilə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi üçün nəzərdə tutulan avadanlıqlar Nüvə Təbabəti Mərkəzində cəmləşib. Bundan sonra onkoloji xəstələrin müalicə üçün xaricə üz tutmalarına heç bir ehtiyac yoxdur. Mərkəzdə çalışan həkimlər və orta tibbi personal xaricdə təhsil alıb. Mərkəzdə, həmçinin böyük təcrübəyə malik olan xarici mütəxəssislər çalışacaqlar.

Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompyuter tomoqrafiya (PET/KT) cihazı istifadəyə verildiyini qeyd edən Fuad Novruzov deyib: “Bundan əlavə, burada yerli dərman istehsalı qaydaya salınır. PET/KT orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir. Mərkəzin PET/KT cihazı olan “Biograph mCT-S40” Siemens şirkətinin ən son texnologiyaları ilə hazırlanıb və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir.

Mərkəzdə istehsal olunan 18-FDG radioafarmasevtik dərman vasitəsi alt mərtəbədəki “Siklotron” laboratoriya kompleksində əldə edilir, xəstəyə verilən anda yüksək saflığa və lazımi aktivliyə malik olur. Mərkəzdə hazırlanan maddələrin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir.

PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası, aparılan müalicənin səmərəliyinin müəyyənləşdirilməsi ilə yanaşı, Altsheymer və Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsində də istifadə olunacaq”.