Milli Onkologiya Mərkəzində "Sarkoma Maarifləndirmə Ayı"na həsr edilmiş tədbir keçirilib

|

Azərbaycanda sarkoma ilə bağlı ictimai maarifləndirmənin gücləndirilməsi məqsədilə Milli Onkologiya Mərkəzində "Sarkoma Maarifləndirmə Ayı"na həsr edilmiş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Onkoloqlar Cəmiyyəti və Bakı Patologiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə sarkomanın erkən əlamətləri, diaqnostikası, müasir müalicə üsulları və profilaktik yanaşmalar haqqında təqdimatlar keçirilib, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin xüsusi qonaqlarından biri sarkoma sahəsində tanınmış beynəlxalq mütəxəssis, Almaniyanın Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Sarkoma Mərkəzinin direktoru, professor Yens Yakob olub. O, tədbirə onlayn formatda qoşularaq "Sarkomanın multidissiplinar idarə olunması: müasir yanaşmalar və məhdud resurslu şəraitdə beynəlxalq əməkdaşlığın rolu" mövzusunda məruzə ilə çıxış edib. Professor sarkomanın effektiv müalicəsində müxtəlif ixtisaslar üzrə mütəxəssislərin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini vurğulayıb, müasir müalicə strategiyalarından və resursları məhdud olan ölkələrdə beynəlxalq əməkdaşlığın xəstələrin müalicə nəticələrinin yaxşılaşdırılmasındakı rolundan bəhs edib.

Almaniyanın Heidelberg Universitetinin Mannheim Tibb Fakültəsinin Cərrahiyyə Mərkəzinin bölmə müdiri, cərrah-onkoloq Vüqar Yaqublu "Sarkoma Maarifləndirmə Ayı çərçivəsində Almaniya–Azərbaycan əməkdaşlığı" mövzusunda çıxış edərək iki ölkə arasında onkologiya və cərrahi onkologiya sahəsində həyata keçirilən birgə layihələr, mütəxəssis hazırlığı, elmi əməkdaşlıq və beynəlxalq təcrübə mübadiləsinin sarkoma xəstələrinin diaqnostika və müalicə imkanlarının genişləndirilməsindəki əhəmiyyətindən danışıb.

Tədbirdə həmçinin Milli Onkologiya Mərkəzinin həkimləri Günel Hacı, Rəşidə Fətəliyeva, Bahadur Abbasov, Əlövsət İsayev çıxış ediblər. Məruzələr çərçivəsində iştirakçılarla fikir mübadiləsi aparılıb, sarkoma xəstələrinin müalicəsində beynəlxalq təcrübənin tətbiqi və müasir klinik yanaşmalar müzakirə olunub.