Torakal Onkologiya Şöbəsi
Bu şöbənin Azərbaycan Onkoloji Mərkəzində açılması planı hələ sovetlər dövründə yaranmışdı. İxtisaslı kadrların hazırlığı 1985-ci ildən başlanmışdı. Moskva şəhərində Ümumittifaq Onkoloji Elmi Mərkəzində bir aspirant, bir kliniki ordinator bu mərkəzdə çalışmaq üçün hazırlanırdı. Fəqət Azərbaycan Respublikası Rentgenalogiya, radiologiya və onkologiya Elmi tədqiqat institutnda torakal onkologiya şöbəsi 1992-ci ildə açıldı.
İlk dövrlər ağciyər xərçənginin müayinə və cərrahi müalicəsi üçün ilk addımlar atılmağa başlandı. O dövr üçün uğurlu cərrahi nəticələr alınmağa başlandı. Sözsüz ki, bu tip əməliyyatların icrası təkcə cərrah-onkoloq bacarığından yox, həm də belə əməliyyatların anestezioloji təminatının düzgün qurulması və aparilmasından da asılı idi. Bu isə profilə uyğun anestezioloqların hazırlanmasını vacib edirdi.
Ağciyər xərçəngi ilə bağlı hər bir icra edilən uğurlu cərrahi əməliyyatlar institut əməkdaşları və rəhbərlik tərəfindən alqışlanırdı. Belə bir atmosfer torakal onkolq ekipini ruhlandırır və qələbələrə hazırlayırdı. Şöbədə ağciyər xərçənginin cərrahi müalicəsində göstəriş olan bütün cərrahi əməliyyat həcmləri: atipik rezeksiyalar (müstəvi və ya pazvarı), lobektomiyalar, bilobektomiyalar, standart, genişləndirilmış və ya qonşu strukturların rezeksiyası iıə kombinə edilmiş pnevmonektomiyalar icra edilib.
Yanaşı olaraq divararalığının kistaları, yenitörəmələri də əməliyyat yolu ilə çıxarılıb. 2001- ildən etibarən Milli onkologiya mərkəzinin torakal onkologiya şöbəsində qida borusu xərçənginə görə cərrahi əməliyyatlar icrası başlanmış və bu günə qədər uğurlu nəticələri ilə davam etdirilməkdədir. Yarandığı dövrdən bu günə kimi 800-dən artıq ağciyər xərçəngi olan xəstə, 250-dən artıq qida borusu xərçəngi olan xəstə əməliyyatı icra etmişdir. Döş qəfəsinin sümük karkasını təşkil edən sümüklərin, o cümlədən qabırğa, döş sümüyü şişlərinin də cərrahi əməliyyatları icra olunur.
Şöbənin əsas iş prinsipi torakal onkologiya profilinə uyğun xəstələrin diaqnostikası və müalicəsini təşkil etməkdir. Döşdaxili limfa düyünlərinin zədələnməsi ilə gedən bir çox limfoproliferativ sistem xəstəliklərinin, mediastinal formalı ağciyər xərçənginin, timus vəzinin bəd şişlərinin morfoloji verifikasiyasının çətinlikləri hamı tərəfindən qəbul edilir. Əvvəllər belə xəstələrdə şişin histoloji təsdiqi üçün açıq əməliyyatlar – diaqnostik torakotomiyalar icra olunurdusa, hazırda bunun üçün döş qəfəsi üzvlərinin KT (kompüter tomoqrafiyası) müayinəsi altında dəridən keçməklə (TRU- CUT) xüsusi iynələrin köməyi ilə şişlərin toxuma biopsiyaları alınır və diaqnoz dəqiqləşdirilir.
Torakoskopik biopsiyalar da 2010-cu ildən bu günə qədər aparılmaqdadır. Bu tip xəstələrin diaqnozu müəyyən edildikdən sonra, gələcək müalicə üçün MOM –un uyğun şöbələrinə köçürülür.
Şöbədə aparılan elmi işlər. Torakal onkologiya şöbəsində “Ağciyər xərçənginin Azərbaycan Respublikasında epidemioloji xüsusiyyətləri” və “Ağciyər xərçənginin cərrahi müalicə nəticələrinin yaxşılaşdırılması” mövzusunda elmi tədqiqat işləri aparılmış və sona yetirilmişdir.
Hazırda şöbədə qida borusu xərçənginin cərrahi müalicə nəticələrinin yaxşılaşdırılmasında limfodisseksiyanın effektliliyinin qiymətləndirilməsi mövzusunda tədqiqat işi aparılır.
Şöbədə şöbə rəhbəri ilə birgə 2 elmi işçi fəaliyyət göstərir.