Poliklinika-Qəbul Şöbəsi
1941- ci ildə Azərəbaycan Respublikası Xalq Komissarlığı Soveti və Xalq Səhiyyə Komissarlığının 10.12.1940- cı il tarixli 2928 № – li qərarına əsasən Bakıda Azərbaycan Respublikası Elmi Tədqiqat Rentgen – Radiologiya İnsitutu təşkil edilmişdir. Həmin ildən İnstitutun nəzdində poliklinika şöbəsi yaradılmış, bu günə kimi fəaliyyət göstərir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Poliklinika Qəbul Şöbəsi (PQŞ) Respublikanın bütün müalicə-profilaktika tibb müəssisələrindən göndərilmiş xəstələrə yüksək ixtisaslı məsləhət-diaqnostik köməklik göstərmək üçün fəaliyyət göstərir.
Hal-hazırda PQŞ-nın əsas vəzifələri aşağıdakı kimi müəyyən edilib:
- xəstələrin yüksək ixtisaslı həkim məsləhəti ilə təmin edilməsi.
- əlavə zəruri diaqnostik müayinələrin aparılması
- xəstələrin sonrakı ambulator – poliklinik və stasionar şəraitdə müaliclərinin təyin edilməsi
- xəstələrin stasionar şöbələrə qəbulunun təşkil edilməsi
- tematik xəstələr üzərində müşahidə və seçilmənin təşkil edilməsi
- ambulator müalicənin aparılması.
Milli Onkologiya Mərkəzinə müayinə və müalicə üçün müraciət edən bütün xəstələr ilkin mərhələdə Mərkəzin Poliklinika qəbul şöbəsinə müraciət edirlər. Xəstələrə şöbədə ambulator xəstənin tibb kartı açılır, poliklinika həkimi təyin edilir, xəstəyə lazım olan bütün müayinələr ( KT, MRT, Rentgen, USM, mammoqrafiya, endoskopik, morfoloji, bioloji, ginekoloji müayinələr, sintiqrafiya, labarator müayinələr( qanın ümumi və biokimyəvi analizləri) aparılır. Diaqnozun təsdiqi üçün törəmədən və ya zədələnmə ocağından punksiyon və ya eksizion biopsiya yolu ilə material götürülməklə sitoloji və histoloji müayinələrə göndərilir.
Patohistoloji müayinənin nəticəsindən asılı olaraq xəstəyə cərrah, radiloq və kimyaterapevt tərəfindən baxılır, müalicə taktikasının seçilməsi məqsədilə xəstələr böyük elmi əməkdaşlar, tibb üzrə fəlsəfə doktorları tərəfindən konsultasiya edilir və aparılacaq müalicə taktikası seçilir, stasionar müalicəyə ehtiyac olan xəstələr Mərkəzin şöbələrinə yerləşdirilir. Bir çox xəstələrə isə ambulator şəraitdə hormonal terapiya , monokimya terapiya və s. digər müalicələr aparılmaqla xəstələr nəzarətdə saxlanılır.
Müraciət edən ağır xəstələr diaqnozun qoyulması və müalicə taktikasının seçilməsi üçün Mərkəzin konsiliumuna təqdim edilir. Xəstəliyin gecikmiş formalarında müraciət edən xəstələr müayinə olunub diaqnozu təsdiqləndikdən sonra və spesifik müalicənin aparılması mümkün olmayan hallarda həmin xəstələr arayışla yaşadığı ərazi poliklinikasına sahə onkoloqunun nəzarətində olmaqla simtomatik müalicə üçün göndərilir. Şöbənin əməkdaşları aparıcı xarici tibbi mərkəzlərdə iş təcrübəsi toplamış yüksək ixtisaslaşmış mütəxəsislərdir.