Onkourologiya Şöbəsi
Onkourologiya şöbəsi Milli onkologiya mərkəzinin cərrahi korpusunun üçüncü mərtəbəsində yerləşir və 40 çarpayıdan ibarətdir. Şöbənin fəaliyyətinin əsas istiqamətini sidik-cinsiyyət sistemi üzvlərinin bədxassəli yenitörəmələrinin müasir müayinə və müalicə üsullarının istifadəsi təşkil edir.
Xüsusi diqqət böyrəklər, sidik kisəsi, prostat vəzi, xayalar, cinsiyyət üzvü, həmçinin böyrəküstü vəzilərin şişlərinin müasir cərrahi müalicə üsullarının gündəlik təcrübəyə tətbiq olunmasına ayrılır. Şöbədə yüksək ixtisaslı həkim-onkoloqlar və uroloqlar fəaliyyət göstərir. 2009-cu ildən şöbə müdiri vəzifəsində t.ü.f.d. F.Ə.Quliyev çalışır.
AR SN MOM-un onkourologiya şöbəsi müxtəlif metodikalar üzrə kontinent ortotopik rezervuarların yaradılması ilə radikal sistektomiyaların icrasını tətbiq etmişdir. Şöbə sidik kisəsi, prostat vəzi və yuxarı sidik yollarında endoskopik transuretral əməliyyatların, sidik kisəsi xərçənginin fotodinamik diaqnostikasının, mürəkkəb laparoskopik müdaxilələrin aparılması üçün müasir avadanlıq ilə təchiz olunmuşdur.
Xəstələrin müayinəsi məqsədilə müasir klinik, radioizotop, rentgenoloji və ultrasəs üsullardan istifadə olunur. Şöbə yüksək cərrahi fəallığı ilə seçilir. İl ərzində 500-dən artıq cərrahi əməliyyatlar icra edilir. Şöbənin bazasında Respublikanın digər tibbi müəssisələrinin mütəxəssisləri öz ixtisaslarını artırır, həmçinin gənc həkim-rezidentlər təhsil alır.