Klinik-Biokimyəvi Laboratoriya



Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi Respublikada onkoloji xidmət üzrə aparıcı, ixtisaslaşmış elmi tədqiqat idarəsidir. Mərkəzin yaradıldığı ilk dövrdən bir çox şöbələrlə yanaşı klinik onkologiya sahəsində laborator müayinələr aparmaq məqsədi ilə əsas baza kimi fiziki-kimyəvi eksperimental laboratoriya şöbəsi yaradılmış, sonralar kimyəvi və nəhayət biokimyəvi laboratoriyaya çevrilmişdir.

1949- cu ildə MOM-da klinik–diaqnostika laboratoriyası yaranmış və ona 1971- ci ilə qədər İ.T.Abbasov başçılıq etmişdir. Lakin 1971-ci ildə o, qastro-enterologiya şöbəsinin rəhbəri seçilmiş, beləliklə biokimyəvi və patofizioloji laboratoriyalar birləşdirilərək yeni klinik-biokimya laboratoriyası yaradılmışdır ki, buna 1971- ci ildən 1997-ci ilə qədər (ömrünün sonuna qədər) prof. S.B.Tağızadə rəhbərlik etmişdir.

Sonralar 1997-ci ildən 2003-cü ilə qədər laboratoriyaya t.e.d. R.N.Oruclu rəhbərlik etmişdir. 2003-cü ildən 2013-cü ilə qədər laboratoriyaya t.e.n. Yusifov A.İ. rəhbərlik etmişdir. Bütün bu illər ərzində laboratoriya hər cəhətdən təkmilləşərək ən müasir standartlara cavab verən səviyyəyə qalxmışdır.  Laboratoriyanın işi tam kompyuterləşmiş vahid şəbəkəyə malikdir.

Şöbədə qanın, sidiyin, eksudatların və digər bioobyektlərin geniş spektrdə klinik, biokimyəvi, immunoloji, seroloji və bakteroloji analizləri aparılmışdır. Biokimyəvi analizlər “Flexor E” tam avtomatında, immunoloji analizlər isə müasir “ Plate Screen”aparatında həyata keçirilmişdir. 2007-ci ildə express laboratoriya yaradılmışdır.

Laboratoriyanın elmi fəaliyyəti əsasən şiş artımının biokimyası sahəsində fundamental axtarışlarla bağlıdır. Laboratoriya askorbin turşusunun mübadiləsinin, böyrəküstə vəzin qabıq maddəsinin funksional halının, həmçinin şiş və orqanizmin karbohidrat və lipid mübadiləsi ilə qarşılıqlı bağlılığının öyrənilməsi ilə məşğul olmuşdur.

Fəaliyyətdə olduğu müddət ərzində laboratoriyada 3 doktorluq, 10 namizədlik dissertasiyası yerinə yetirilmiş, əməkdaşlar tərəfindən 300-dən çox elmi məqalə nəşr olunmuşdur. 2009-cu ildən laboratoriyadakı testlər Siemens firmasının “Dimension” biokimyəvi, “Advia Centaur CP” immunokimyəvi və Abbott firmasının “Axsym” immunokimyəvi analizatorlarda yerinə yetirilmişdir.

Hazırda hematoloji testlər tam avtomatlaşdırılmış Abbott “Cell Dyn 3700” və Orphee “Mythic” cihazlarında, biokimyəvi testlər tam avtomatlaşdırılmış Abbott “Architect c4000” və “Biolis 50i” cihazlar-ında, immunokimyəvi testlər tam avtomatlaşdırılmış Abbott “Architect i1000” və Roche “Cobas e601” cihazlarında, zülal elektroforezi “Helena”cihazında, koaqulometrik testlər tam avtomatlaşdırılmış Sysmex “CA-500” cihazında, sidiyin ümumi analizi Roche “Combilyzer” cihazında ,qan qrupu və rezus faktor gel sentrifuqasiya üsulu ilə aparılır.

Bundan başqa laboratoriyamızda molekulyar-bioloji PZR-Real Time üsulu ilə infeksiyalar tam avtomatlaşdırılmış Abbott “m2000sp”, “m2000rt” cihazlarında və DNK Texnologiya “DT-96” cihazında aparılır. Express laboratoriyada hematoloji testlər tam avtomatlaşdırılmış Abbott “Cell Dyn Emerald” və Sysmex “KX-21N” cihazlarında, biokimyəvi testlər tam avtomatlaşdırılmış “Biolis 15 neo” və “AE-600” cihazlarında, immunokimyəvi testlər “mini Vidas” cihazında, koaqulometrik testlər Sysmex “CA-50” cihazında təyin olunur.

Hal hazırda laboratoriyaya Əliyeva N. X.  rəhbərlik edir.

Laboratoriyada aparılan analizlər :

  • Biokimyəvi enzimlər
  • Lipidlər
  • Proteinlər
  • Elektrolitlər
  • Metabolitlər
  • Endokrinoloji Tiroid/Paratiroid
  • İnfeksiyalar
  • Hormonlar
  • Hematoloji & Anemiya
  • Hematoloji Qan Qrupu
  • Hematoloji Koaqulasiya
  • Onkomarkerlər
  • Revmatoloji
  • PCR
  • Sidik