Bakıda V Beynəlxalq Uroonkologiya Simpoziumu keçirilib
Dekabrın 10-da Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə hibrid formatda V Beynəlxalq uroonkologiya simpoziumu keçirilmişdir.
Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə Milli Onkologiya Mərkəzinin baş direktor müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev açmışdır. O, tədbir iştirakçılarına MOM-un baş direktoru, akademik Cəmil Əliyevin salamlarını çatdırmış və mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat vermişdir. Bildirilmişdir ki, tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, Qazaxstan, Özbəkistan və Gürcüstandan uroonkoloji xəstəlikləri üzrə aparıcı mütəxəssislər də qatılmışlar.
Simpoziumda prof.dr Volkan Tuğçu(Türkiyə), prof.dr. Axel Heidenreich(Almaniya), prof.dr. David Nikoleişvili(Gürcüstan) kimi dünya şöhrətli mütəxəssislərin, həmçinin yerli və əcnəbi uroonkoloqların “Prostat vəzi xərçəngi: erkən diaqnostikasından müalicəyə”, “Robotik prostatektomiyada sinir-qoruyucu texnikalar ”, “Uroonkoloji laparoskopiyada mürəkkəb hallar”, “Pelvik cərrahiyənin fəsadlarına yanaşma”, “Renal transplantasiyadan sonra yaranan uroonkoloji xəstələrə yanaşma”, “Laparoskopik nefrouereterektomiya: distal ureterə yanaşma ”, “Yuxarı trakt urotelial karsinomada retroqrad cərrahiyyə”, “Böyrək törəmələrinin laparoskopik müalicəsi”, “Aşağı boş venanın trombu ilə müşayət edən böyrək xərçənginə yanaşma”, “Sidik kisəsi xərçənginin radikal cərrahi müalicəsinin nəticələri”, “Yerli yayılmış böyrək xərçəngində cərrahi müalicənin effektivliyi”, “Radikal nefrektomiyadan sonrakı residivlərin risk faktorları”, “Prostat vəzi xərçənginin HİFU üsulu ilə müalicəsində gələcəyi”, “Prostat vəzin xəsrçəngində paliativ cərrahiyyə: Yeni texnologiyalar”, “Böyük prostat vəzi üçün HOLEP və ya TULEP?”, “Uretral darlığın cərrahi müallicəsi”, “Hədəf biopsiyası üçün micro-ultrasəs sistemin yeri”, “Böyrək rezeksiyası zamanı parenximadakı dəyişikliklər”, “Prepubertal xaya şişləri” və “ Uretral travmanın cərrahi müallicəsi” mövzularında məruzələr dinlənilmişdir.
Simpoziumda məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunmuş, geniş təcrübə mübadiləsi aparılmış, elmi –tədqiqat işlərinin təqdimatının əhəmiyyəti vurğulanmışdır.
Tədbirin sonunda Azərbaycan Respublikasının Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçmiş simpozium iştirakçılarına sertifikatlar təqdim edilmişdir.