Abdominal Onkologiya Şöbəsi




Milli Onkologiya Mərkəzi yaranan vaxtdan ilk fəaliyyətə başlayan şöbələrdən biri Abdominal onkologiya şöbəsi olmuşdur. Onko-urologiya və onko-ginekelogiya şöbələri 2009-cu ilə kimi abdominal onkologiya  şöbəsi nəzdində olmuşlar. Həmin il yeni cərrahi korpus açıldıqdan sonra qeyd olunan şöbələr ayrılıqda fəaliyyətə başlamışlar.

Abdominal onkologiya şöbəsi Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun IV mərtəbəsində yerləşmişdir. Şöbənin çarpayı fondu 61 çarpayıdan ibarətdir. Bu çarpayılar 22 palatada yerləşmişdir. Bununla yanaşı şöbədə xəstələrin müalicəsi və sağlamlığı naminə 4 sarğı, 2 manipulyasiya, 2 baxış otağı və 2 mətbəx fəaliyyət göstərir. Sözü gedən şöbədə 14 həkim, 17 tibb bacısı, 13 xadimə çalışır.

Həkim heyəti periodik olaraq Almaniya, Avstriya, Türkiyə, Rusiya, İtaliya, Fransa kimi ölkələrdə təhsil alır, öz kvalifikasiyalarını artırır, Beynəlxalq Konfranslarda iştirak edirlər. Bunlardan əlavə abdominal onkologiya şöbəsinin əməkdaşları aktiv elmi işlə məşğul olur, elmi məqalələr və tezislər dərc etdirir, Onkoloqların Beynəlxalq Konfranslarında çıxış edirlər, təcrübə mübadiləsi aparırlar.

Abdominal onkologiya şöbəsinə tez-tez Avropa ölkələrindən təcrübə mübadiləsi proqramı ilə həkim-cərrahlar dəvət olunur. Şöbənin cavan həkim heyəti ingilis, rus, alman, türk dillərində sərbəst danışırlar.

Bundan əlavə abdominal onkologiya şöbəsi üçün cərrahiyyə korpusunun VII mərtəbəsində olan əməliyyat blokunda 2 əməliyyat otağı ayrılmışdır. Əməliyyat bloku ən modern şəkildə, bütün əməliyyatları, o cümlədən laparoskopik əməliyyatları, icra edə bilmək üçün hər cür müasir  avadanlıqlarla təchiz olunmuşdur. Belə ki,  Karl Storz dayağı, Covidien və Ethicon firmalarının enerji aparatları – Enseal və LigaSure, ERBE elektrokoagulyatoru, sirkulyar və linear tikici apparatları ilə təmin olunmuşdu.

Şöbənin adından göründüyü kimi, şöbə əsasən qarın boşluğu orqanlarının, və peritonarxası sahənin şişlərinin cərrahi müalicəsi üzrə ixtasaslaşmışdır.

Xəstələr MOM-in diaqnostika korpusunda hərtərəfli müayinə və şöbənin cərrah-onkoloqu tərəfindən konsultasiya olunduqdan sonra stasionar müalicə üçün abdominal onkologiya şöbəsinə hospitalizasiya olunurlar.

Şöbəyə qəbul olunmuş hər yeni xəstə şöbə müdiri, şöbənin professoru və digər həkim kollektivinin iştirakı ilə ətraflı müzakirə olunduqdan sonra müayinə və müalicə taktikası təyin olunur.

İl ərzində abdominal onkologiya şöbəsində 800-dən çox xəstə müayinə və müalicədə olunur. Bunlardan isə 700-ə yaxını cərrahi əməliyyata məruz qalır. Beləliklə, şöbənin cərrahi fəallığı 87-90% təşkil etmişdir. Bu xəstələrin 8-10% qeyri-onkoloji cərrahi xəstəliklərə, ~90-92% şiş prosesinə, bunlardan isə ~92% bəd, ~8% xoş xassəli şiş proseslərinə görə cərrahi müdaxiləyə məruz qalırlar. Cərrahi əməliyyatların ~90% planlı şəkildə icra olunurlar. Şöbədə ümumi ölüm hallarının payı 2,7%, əməliyyat sonrası ölüm halı isə – 2,5% təşkil etmişdir.

Mədənin şiş xəstəliklərinin cərrahi müalicəsi :

Mədə şişlərinə görə əməliyyat olunan xəstələrdə xərçəng ~93%, xoş xassəli törəmələr isə – ~7% təşkil edir. İcra olunan əməliyyatlar böyük əksəriyyəti (~86%):

  • Qastrektomiya, limfodisseksiya D2-D3
  • Mədənin distal subtotal rezeksiyası, limfodisseksiya D2-D3
  • Kombinə olunmuş əməliyyatların payına düşür.

Əməliyyatların ~83% radikal xarakter daşıyır. Radikal əməliyyatların 18-20% kombinə olunmuş xarakter daşıyır, yəni qastrektomiya qida borusunun abdominal seqmentinin rezeksiyası ilə, qastrektomiya qara ciyər rezeksiyası ilə, qastrektomiya və ya subtotal rezeksiya mədəaltı vəzinin müxtəlif variantlarda rezeksiyası ilə. Qastrektomiya əməliyyatlarında rekonstruktiv etap Roux üsulu ilə, ezofaqo-yeyunoanastomozun formalaşdırılması isə manual, tantal kompress edici həlgə və sirkulyar apparatların vasitəsilə icra olunur. Kardioezofaqeal xərçənglərdə qastrektomiya qida borusunun rezeksiyası ilə transsaqital diafraqmotomiya ilə icra olunur.

Yoğun bağırsaq şiş xəstəliklərinin cərrahi müalicəsi :

Yoğun bağırsaq xəstəlikləri səbəbi ilə il ərzində 150-ə yaxın xəstə cərrahi müalicəyə məruz qalır. Xəstələrin ~95%-də yoğun bağırsağın xərçəngi, 4,5%-də xoş xassəli şişlər, digərlərində isə qeyri onkoloji xəstəliklər rast gəlinmişdir. İcra olunmuş əməliyyatların arasında üstünlük təşkil edənlər (~60%).

  • Sağ tərəfli hemikolektomiya
  • Sol tərəfli hemikolektomiya
  • S-varı bağırsağın rezeksiyası

Bunlardan əlavə

  • Total kolektomiya
  • Subtotal kolektomiya
  • Kombinə olunmuş əməliyyatlar
  • Rekonstruktiv əməliyyatlar
  • Simptomatik əməliyyatlar icra olunur.

Radikal cərrahi əməliyyatlar ~90% təşkil edir.

Düz bağırsağın şiş xəstəliklərinin cərrahi müalicəsi :

Düz bağırsaq xəstəlikləri səbəbi ilə 140-dan çox xəstə cərrahi müalicə olunmuşdur. Xəstələrin ~95% düz bağırsaq xərçəngi, digərləri isə düz bağırsaq polipi diaqnozu ilə əməliyyata götürülmüşdür. İcra olunan əməliyyatlar sırasında:

  • Düz bağırsağın ön rezeksiyası
  • Düz bağırsağın aşağı ön rezeksiyası
  • Düz bağırsağın qarın-anal rezeksiyası, S-varı bağırsağın endirilməsi ilə
  • Düz bağırsağın qarın-aralıq ekstirpasiyası
  • Kombinə olunmuş əməliyyatları
  • Rekonstruktiv əməliyyat
  • Transanal polipektomiya əməliyyatları yer tutur.

Radikal əməliyyatlar 86%-dən çox təşkil etmişdir. Təcili hallarda düz bağırsağın Hartman-İnoyatov tipli rezeksiaysı əməliyyatı da icra olunur. Düz bağırsaq xərçənglərində mərhələsindən asılı olaraq ya əmələiyyatönü dövrdə və yaxud da əməliyyat sonrakı dövrdə şüa və kimyəvi dərman müalicəsi aparılır.

Qaraciyərin şiş xəstəliklərinin cərrahi müalicəsi :

Qara ciyər xəstəlikləri ilə il ərzində 25-ə yaxın xəstəyə cərrahi müdaxilə icra olunur. Bunların ~65%-də xərçəng, ~30%-də xoş xassəli şişlər (adenoma, hemangioma), 1 xəstədə isə qeyri onkoloji (exinokkok) xəstəlik aşkar olunmuşdur. İcra olunan cərrahi əməliyyatlar:

  • Sağ tərəfli hemihepatektomiya
  • Sol tərəfli hemihepatektomiya
  • Genişləndirilmiş hemihepatektomiya
  • Biseqmentektomiya
  • Qaraciyərin atipik rezeksiyası
  • Laparoskopik üsulla biopsiyaların götürülməsi
  • Qaraciyərin rezeksiyası ilə eyni zamanda xolesistektomiya və xoledoxoduodenoanastomoz əməliyyatlarıdır.

Son 4 il ərzində şöbədə 5 genişləndirilimiş hemihepatektomiya, 12 sağ və ya sol tərəfli hemihepatektomiya icra olunmuşdur.

Öd kisəsinin şiş xəstəliklərinin cərrahi müalicəsi :

Öd kisəsinin xəstəlikləri səbəbi ilə il ərzində 40-a yaxın xəstəyə cərrahi əməliyyat icra olunmuşdur. Bu xəstələr arasında qeyri onkoloji diaqnozlar əsas yeri (~80%) tutur. Bəd xassəli proseslər ~15%, xoşxassəli proseslər isə ~5% təşkil etmişdir. İcra olunmş cərrahi əməliyyatlar:

  • Laparoskopik üsulla xolesistektomiya, bu əməliyyatların çox hissəsini təşkil edir. Bu əməliyyatların hamısı radikal xarakter daşımışdır.
  • Laparoskopik üsulla xolesistektomiya və öd kisəsi yatağının rezeksiyası

Xolangiokarsinomaların cərrahi müalicəsi :

Xarici öd yollarının bədxassəli şişləri səbəbi ilə il ərzində 6 xəstə, xoşxassəli proses səbəbi ilə 1 xəstə radikal cərrahi əməliyyat keçirmişdir. Bu əməiyyatlar sırasında

  • xoledoxun rezeksiyası, hepatiko-yeyunostomiya
  • hepatiko-xoledoxun rezeksiyası, bihepatiko-yeyunostomiya.
  • transhepar hepatiko-xolangiostomiya əməliyyatları vardır.

Dalağın şiş xəstəliklərinin cərrahi müalicəsi :

Son 1 il ərzində 6 xəstəyə dalağın xoşxassəli, 3 xəstəyə isə dalağın limfomasına görə radikal splenektomiya əməliyyatı icra olunmuşdur. Bu əməliyyatların ikisi laparoskopik üsulla icra olunmuşdur.

Mədəaltı vəzinin şiş xəstəlikıərinin cərrahi müalicəsi :

Son 1 il ərzində mədəaltı vəzin xəstəlikləri səbəbi ilə 24 xəstə müxtəlif cərrahi müdaxilələrə məruz qalmışdır. Bu xəstələrin əksəriyyətində xərçəng diaqnozu təyin olunmuşdur. Əməliyyatların ~40% radikal xarakterli olmuşdur:

  • Qastropankreatoduodenal rezeksiya (5 xəstə)
  • Mədəaltı vəzin distal rezeksiyası (4xəstə).

Palliativ cərrahi əməliyyatlar isə öd kisəsinin və xoledoxun dolayı anastomozları, xolesistostomiya və perkutan transhepar xolangiostomiya əməliyyatları olmuşdur.

  • Mədəaltı vəzin kistası səbəbi ilə 2 xəstəyə kistektomiya icra olunmuşdur.

Onikibarmaq və Fater məməciyinin şiş xəstəliklərinin cərrahi müalicəsi :

Onikibarmaq və Fater məməciyinin xəstəliklərinə görə il ərzində 14 xəstəyə müayinə olunduqdan sonra cərrahi müalicə aparılmışdır.

  • Pankreatoduodenal rezeksiya (3 xəstə, onikibarmaq bağırsağın xərçəngi ilə)
  • Qastroenteroanastomoz (4 xəstə) icra olunmuşdur.
  • Duodenotomiya, törəmənin çıxarılması, virsunqoxoledoxoplastika icra edilmişdir (3 xəstə, Fater məməciyinin adenoması ilə).

Peritonarxası sahə şiş xəstəliklərinin cərrahi müalicəsi :

Peritonarxası sahənin törəmələri səbəbi ilə son 1 ildə 28 xəstəyə cərrahi əməliyyat aparılmışdır. Bədxassəli proseslər 90%-dən çox hallarda rast gəlinmişdir. Hər 5 xəstədən 4-də şişin çıxarılması mümkün olmuşdur və bu xəstələrin əksəriyyətində əməliyyat kombinə olunmuş xarakter daşımışdır, yəni yanaşı yerləşən orqanalrın, bəzi hallarda 7-8 orqanın, o cümlədən aşağı boş venanın, mədəaltı vəzinin, böyrəyin və s. rezeksiyası ilə.

Qeyd etmək lazımdır ki, şiş xəstəlikləri ilə müraciət etmiş xəstələrdə icra olunmuş palliativ əməliyyatların əsas mahiyyəti şişlərin gecikmiş mərhələsində, dolayı anastomozların, kolostomanın, xolangiostomanın formalaşdırılmasından ibarət olur. Əksər hallarda palliativ cərrahi müalicə ümumi şiş intoksikasiyası və mədə-bağırsaq keçməzliyi, mexaniki sarılıq əlamətlərini aradan götürməklə xəstənin həyat keyfiyyətini yaxşılaşdırır, kimyəvi dərman və yaxud şüa terapiyasının aparılmasına imkan yaradır.

Bundan əlavə diaqnostik məqsədlə icra olunan laparotomiyaların əksəriyyəti artıq diaqnostik laparoskopiya ilə əvəz olunurlar.

Yuxarıda qeyd edildiyi kimi, abdominal onkologiya şöbəsində ölüm halları payı çox aşağıdır. Hər bir ölüm hadisəsi Milli Onkologiya Mərkəzinin Müalicə-Nəzarət komissiyasında ətraflı müzakirəyə çıxarılır.

LAPAROSKOPİK ƏMƏLİYYATLAR :

Diqqəti çəkən əsas məqamlardan biri də bu şöbədə cərrahi əməliyyatların laparoskopik üsulla icrasının payının artmasıdır. Belə ki, 2012-ci il ərzində bədxassəli şişlər səbəbi ilə ~30-a yaxın cərrahi əməliyyat laparoskopik üsulla yerinə yetirilmişdirsə, 2013-cü ildə bu rəqəm artıq 60-a çatmış, 2014-cü ilin birinci rübündə isə 100-ü keçmişdir. Laparoskopik üsulla

  • Qastrektomiya, limfodisseksiya ilə 3
  • Mədənin distal subtotal rezeksiyası, limfodisseksiya ilə 4
  • Sağ tərəfli hemikolektomiya, limfodisseksiya ilə 14
  • Sol tərəfli hemikolektomiya, limfodisseksiya ilə 8
  • S-varı bağırsağın rezeksiyası, limfodisseksiya ilə 17
  • Düz bağırsağın ön rezeksiyası, limfodisseksiya ilə 15
  • Düz bağırsağın qarın-aralıq ekstirpasiyasının abdominal etapı, limfodisseksiya ilə – 2
  • Splenektomiya, limfodisseksiya ilə – 2
  • Qaraciyərin atipik rezeksiyası, limfodisseksiya ilə – 3
  • Xolesistektomiya, öd kisəsi yatağının rezeksiyası ilə, limfodisseksiya ilə – 2
  • Mədəaltı vəzinin sol tərəfli korporo-kaudal rezeksiyası, limfodisseksiya ilə – 3
  • Mədəaltı vəzinin kistlərinin çıxarılması – 7
  • Öd kisənin polipləri, qarın boşluğunun kiçik solid törəmələri və peritonarxası qeyri-rezektabel törəmələrin biopsiyaları  uğurla icra olunurlar.

QEYRİ-ONKOLOJİ XƏSTƏLİKLƏR :

  • Öd daşı xəstəliyi
  • Qaraciyərin exinokokk kistaları
  • Qasıq, bud və göbək yırtıqları
  • Əməliyyatdan sonrakı ventral yırtıqlar
  • Diafraqmanın qida borusu dəliyinin yırtıqları

AbdomShobesi-2