Milli Onkologiya Mərkəzində “Kim üzr istəməlidir?” adlı kitabın təqdimat mərasimi olub

|

Martın 4-də Milli Onkologiya Mərkəzinin həkimi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Elçin Mansurovun bu yaxınlarda işıq üzü görən “Kim üzr istəməlidir?” adlı kitabının təqdimat mərasimi keçirilib.

Milli Onkologiya Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş onkoloqu, tibb üzrə fəlsəfə doktoru Azad Kərimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini müvəqqəti icra edən, filologiya elmləri namizədi, yazıçı-publisist Səyyad Salahlı, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, professor, Xalq artisti Xuraman Qasımova, Milli Məclisin deputatı Aqil Abbas və digərləri kitabın müəllifi Elçin Mansurovun yaradıcılıq fəaliyyətindən danışıblar. Kitab haqqında da fikirlərini bölüşən çıxışçılar nəşrdə mənbələrə əsaslanan 1000-ə yaxın fakt olduğunu vurğulayıblar.

Qeyd edək ki, kitabda tarixi faktlar əsasında Çar Rusiyasının ermənipərəst siyasəti və bilavasitə köməyi ilə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsi, erməni-bolşevik tandeminin tarixi ərazilərimizdə Ermənistan dövlətini necə yaratmaları və erməni şovinistlərinin “böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün azərbaycanlılara qarşı həyata keçirdikləri amansız qətliamlar, soyqırımları haqqında məlumat verilib. Kitabda haqqında bəhs olunan hadisələr Kürəkçay, Gülüstan, Türkmənçay müqavilələri, dövrləri də daxil olmaqla son 200 ili əhatə edir. Məlumatın əksər hissəsini azərbaycanlılara qarşı 1988-ci il fevralın 13-də “Miatsum” mitinqi ilə başlayan və 2023-cü il sentyabrın 19-dan 20-dək antiterror əməliyyatına qədər davam edən erməni vəhşilikləri və təxribatları təşkil edir. Həmçinin kitabda 30 illik erməni işğalına son qoyan rəşadətli Azərbaycan Ordusu və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misli görülməyən hərbi, siyasi, iqtisadi fəaliyyətləri haqqında geniş məlumat dərc olunub.

Eyni zamanda, məlumatlar xronoloji ardıcıllıqla, müvafiq fotolar və hadisələrin müəllif tərəfindən özünəməxsus qaydada şərhi ilə təqdim edilib.

Kitabın nəşr olunmasına dəstək göstərən hər kəsə, xüsusilə də Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə xüsusi minnətdarlığını bildirən Elçin Mansurov fikirlərinə belə davam edib: “1980-ci illərin əvvəllərində Zori Balayan tərəfindən yazılmış “Ocaq” əsərində həqiqəti əks etdirməyən faktlarla yanaşı, Azərbaycanın Ermənistandan üzr istəməli olduğu qeyd olunmuşdu. Bu, illərdir məni narahat edirdi. Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan həm öz gücünü bütün dünyaya göstərdi, həm də ədaləti döyüş meydanında bərpa etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu düşmənlə yalnız savaş meydanında döyüşsə də, erməni acizləri xislətlərinə uyğun olaraq cəbhədən kənarda yaşayan dinc Azərbaycan əhalisinə, körpələrə, uşaqlara, qadınlara, qocalara qarşı amansızlıq nümayiş etdirdilər. Bu səbəbdən “Kim üzr istəməlidir?” adlı kitabımda minə yaxın fakt göstərmişəm və kimin haqlı olduğunu mənbələr və reallıqlarla əks etdirməyə çalışmışam. Ümid edirəm ki, həmin faktlar həqiqəti öyrənmək istəyənlər üçün bir xəritə, bir mənbə rolunu oynayacaq".