Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib

|

Martın 16-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM), Avrasiya Onkoloji Dərnəyi, “Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda “Süd vəzi xərçənginin müalicəsinə müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayaraq, son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu səhiyyə islahatlarından, səhiyyə sisteminin müasirləşdirilməsi və yüksək texnologiyalara əsaslanan tibbi avadanlıqlarla təminatı istiqamətində görülən işlərdən, Milli Onkologiya Mərkəzində yaradılmış şəraitdən, ən müasir avadanlıqlarla təchiz edilmiş tibb müəssisəsinin onkoloji xəstəliyin erkən diaqnostikası və müalicəsi, tibb personalının bilik və təcrübələrinin artırılması sahəsində görülən işlərdən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Çıxış edən Avrasiya Onkoloji Dərnəyinin sədri Hilmi Kodaz Milli Onkologiya Mərkəzi ilə qurulmuş səmərəli əməkdaşlıqdan və əldə olunan uğurlardan danışaraq, bu cür konfransların tibb elminin yeni nailiyyətlərinin təbliği və təcrübə mübadiləsinin həyata keçirilməsində əvəzsiz rol oynadığını bildirib.

“Regional İnkişaf" İctimai Birliyi nümayəndəsi Şəhla Talıbzadə çıxışında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə səhiyyə sahəsində həyata keçirilən çoxşaxəli proqram və layihələrdən, əldə olunan nailiyyətlərdən, İctimai Birlik tərəfindən son illər aidiyyəti qurumlar və tibb müəssisələri ilə birlikdə aztəminatlı və digər həssas kateqoriyadan olan insanların sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həkimlərin bilik və təcrübələrinin artırılması, əhalinin maarifləndirilməsi və digər istiqamətlərdə ardıcıl icra edilən tədbirlərdən bəhs edib.

Konfransda Azərbaycan və Türkiyədən dəvət edilmiş mütəxəssislər süd vəzi xərçənginin müasir diaqnostika və müalicə üsullarını əhatə edən mövzularla çıxış ediblər. Tədbir çərçivəsində, həmçinin xəstə təqdimatları, süd vəzi xərçənginə aid ən son yeniliklər və xüsusi halların geniş müzakirəsi aparılıb.

Konfransda dinlənilən məruzələr “Süd vəzi xərçəngində biomarker”, “İnfiltrativ duktal, lobulyar xərçəng və digər histoloji tiplər”, “Süd vəzi xərçəngi xəstələrinin müşahidəsi necə aparılmalıdır. Radioloji/nuklear diaqnostika üsulları və müayinənin aparılma tezliyi”, “Luminal erkən mərhələ süd vəzi xərçəngi - neoadyuvant və adyuvant müalicə”, “Her-2 müsbət süd vəzi xərçəngi – neoadyuvant və adyuvant müalicə - kimə və necə aparılmalıdır”, “Üçlü neqativ süd vəzi xərçəngi - neoadyuvant və adyuvant müalicə - kimə və necə aparılmalıdır?”, “Süd vəzi xərçəngində şüa müalicəsinin tətbiqi”, “Luminal tip süd vəzi xərçəngi”, “Hər-2 müsbət süd vəzi xərçəngi”, “Üçlü neqativ süd vəzi xərçəngi”, “Süd vəzi xərçəngi xəstələrində qidalanma”, “Metastatik reseptor halından asılı olmadan metastatik müalicədən tam cavab alınan xəstələrə yanaşma - cərrahi müalicənin yeri”, “Süd vəzi xərçəngi və hamiləlik, fertillik”, “Kişilərdə süd vəzi xərçəngi, Pejet xərçəngi”, “Geriatrik süd vəzi xərçəngi xəstələrinə yanaşma” kimi mövzuları əhatə edib.

Məruzələr üzrə onkologiyanın aktual problemləri, müasir dövrdə onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən yeniliklər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən davamlı tibbi təhsil üzrə akkreditasiya olunaraq 11 kredit vahidi verilib.