Milli Onkologiya Mərkəzində Uşaqların Beynəlxalq Müdafiə Günü bayram edildi

|

1 iyun  bütün inkişaf etmiş demokratik dövlətlər kimi, müstəqil Azərbaycan  Respublikası da  dünyanın ən gözəl və ən nəcib bayramlarından birini - Uşaqların Beynəlxalq Müdafiə Gününü bayram edir. 1925-ci ildə Cenevrədəki Ümumdünya konfransında keçirilməsi haqqında qərar qəbul olunan bu bayram, əslində hər bir xalqın, millətin, ümumilikdə isə bütün bəşəriyyətin sabahının, gələcəyinin bayramıdır.

    Dünyanın əksər ölkələrində Uşaqların Müdafiə Gününün  qeyd olunmasının mahiyyəti, uşaqların həyata, istirahətə, təhsilə, yüksək səhiyyə xidmətinə, zorakılıqdan, uşaq əməyindən müdafiəyə  hüquqları olduğunu dövlətə, böyüklərə xatırlatmaqdır. Biz böyüklər çox şadıq ki, vətəndaşı olduğumuz Azərbaycan Respublikasının dövləti və onun rəhbəri nəinki uşaqların hüquqlarının müdafiəsində, onların sosial rifahının təmin olunmasında belə dünyanın əksər ölkələrinə  nümunə ola bilər. Bu da ondan irəli gəlir ki, dövlətimizin uşaqlarla bağlı siyasəti  “xoşbəxt gələcək sağlam uşaqlarla gələcək” fəlsəfəsi üzərində qurulub.


   Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə 2 iyun 2018 -ci it tarixində Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alan uşaqların rəsmlərindən ibarət  “Günəşli Gün” adlı sərgi keçirilib. Tədbir  Heydər Əliyev Fondunun dəstəyi, Milli Onkologiya Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  və Azərbaycan Tibb Universitetinin təşkilatçılığı ilə baş tutub.

   Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva öz qonaqları ilə (qonaqların içində Rusiya Federasiyasının Dövlət Dumasının deputatı də var idi) sərginin açılışında iştirak edib, uşaqlar və onların valideynləri ilə ünsiyyət qurub, balaca rəssamların yaradıcılığı ilə yaxından tanış olub. Sərginin təşkilində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  və Azərbaycan Tibb Universitetinin birgə “Tibbi klounda” layihəsinin iştirakçıları Rəssamlıq fakültəsinin I kurs tələbələri fəal iştirak edib. 

  Ən müasir tibbi avadanlıqla təchiz edilmiş  Milli Onkologiya Mərkəzi, onun peşəkar tibb personalı bunu deməyə tam əsas verir ki, bizim respublikada onkoloji xəstə uşaqların böyük əksəriyyətinin sağlam gələcəyi var.


Gələcəyimiz olan uşaqlara böyük qayğının nümunəsi olan bu müasir kilinikanı bizə bəxş etdiyinə, səhiyyəmizin inkişafına göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə və Vitse – Prezidentinə,  Heydər Əliyev Fondunun rəhbərliyinə və Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyevə minnətdarlığımızı bildiririk.