Patositomorfologiya laboratoriyası
Patositomorfologiya laboratoriyası 1941-ci ildən Milli Onkologiya Mərkəzi yaradılan gündən fəaliyyət göstərir. Birinci rəhbəri (1957-ci iləqədər) B.A.Babayev olub. 1973-cü ilə kimi B. M. Abdullayev, 1980-ci ilə kimi E. M. Qarayev, 1980-ci ildən 2013-cü ilə kimi t.e.d Vaqif Əlizadə rəhbərlik edib. Hal hazırda Patositomorfologiya laboratoriyasının müdiri vəzifəsini tibb üzrə fəlsəfə elmləri doktoru Osmanov Şahin icra edir.
Patositomorfologiya laboratoriyası toxumalarda və mayelərdə mövcud patoloji prosseslərin tədqiqi, şiş xəstəliklərinin diaqnostikası, proqnostik amillərin tədqiqi ilə məşğuldur. Müayinə obyektləri beş istiqamətdə – histoloji, sitoloji, histokimyəvi, immunohistokimyəvi və toxuma üzərində hibridizasiya ilə tədqiqata məruz qalır.
- Histoloji müayinə– diaqnostik və müalicə məqsədi ilə çıxarılan orqan və toxumaların tədqiqi.
- Sitoloji müayinə– qarın, plevra, perikard boşluqları, beyin- onurğa beyni və s. mayelərinin (punktatların), müxtəlif orqanlardan alınma yaxmaları (eksfoliativ sitologiya) və ya incə iynə aspirasiya yaymalarının tədqiqi
- İmmunhistokimyəvi müayinə– diaqnostik, proqnostik və terapevtik (target terapiyada hədəfin təyini) məqsədlə aparılır, tam avtomatik olaraq anticism-antigen immun reaksiyasına əsaslanan molekulyar bir müayinədir
- Toxuma üzərində hibridizasiya müayinələr– prognostik və terapevtik (target terapiyada hədəfin təyini) tam avtomatik aparılan gen hibridizasiyasına əsaslı genetik müayinədir
Laboratoriyamızda yeddi həkim, bir bioloq, səkkiz texnik, dörd preparator və üç kiçik personal çalışmaqdadır. MOM-un patositomorfologiya laboratoriyası son 5 ildə dünya standartlarına uyğun Leica, Zeiss, Ventana, ThermoScience kimi tanınmış yüksək markalı cihazlarla təmin olunmuşdur. Laboratoriyada əməliyyat və biopsiya materiallarının histoloji müayinəsi üçün 2 ədəd toxuma təqib cihazı (Excelsior ES, Pathcentre – ThermoScience Almaniya) çalışır.
Cihaz avtomatik olaraq toxumaları formalin, spirt, ksilol və parafindən keçirir.
Parafinləşdirilmiş toxumalar bloklama cihazında (2 ədəd-Leica, EG 1160 və 1 ədəd- ThermoScience, TES 99, Almaniya) blok halına gətirilir.
Alınmış parafin bloklar müasir mikrotomlarda (2 ədəd- HM325 və 2 ədəd- HM340E, ThermoScience Almaniya) kəsilir.
Sonra əşya şüşələri çox çeşidli reaktivlərlə boyanmaq üçün avtomatik boyama cihazına ( 2 ədəd- Varistain Gemini ES, ThermoScience Almaniya) yerləşdirilir.
Boyanmış əşya şüşələri avtomatik örtük şüşə qapatma cihazında (2 ədəd- ClearVue ThermoScience Almaniya) ilə qapadılır və patoloqa verilir.
Laboratoriyamızda əməliyyat daxili təcili müayinəni həyata keçirmək üçün 2 ədəd (HM550 və HM525, ThermoScience, Almaniya) frozen cihazları mövcuddur. Cihazların köməyi ilə 5 dəq ərzində toxuma dondurularaq ondan 4-5 mkm ölçüdə incə kəsiklər alınır və boyanır. Bu əməliyyata 20 dəqiqə vaxt sərf olunur.
Mayelərin sitoloji müayinəsi üçün yüksək fırlanma sürətinə malik sentrifuqa (Lab.Centrifuqa, Almaniya) istifadədədir. Sitoloji yaxmalar avtomatik olaraq boyama cihazı (1 ədəd- ThermoScience, Almaniya)vasitəsilə boyanır. Həmçinin maye əsaslı sitoloji müayinələr üçün (uşaqlıq boynu və s.) ThinPrep ( ABŞ ) cihazından istifadə olunur.
Sitoloji və histoloji müayinələr zamanı əmələ gələn diferensial diaqnostik problemlərə görə preparat histokimyəvi və immunhistokimyəvi yolla tədqiq olunur. Laboratoriya çox çeşidli immunhistokimyəvi və histokimyəvi reaktivlərə, həmçinin yüksək dəqiqliyə və standartlara malik avtomatik immunhistokimyəvi cihazlara malikdir.
Ventana BenchMark GX cihazında çoxsaylı antigenlərdən istifadə edilərək, 20 ədəd əşya şüşəsinin avtomatik immunohistokimyəvi boyamasını həyata keçirilir.
2-ci daha böyük və mükəmməl cihaz Ventana BenchMark ULTRA cihazı 30 ədəd şüşənin avtomatik İHK boyamasını həyata keçirir. Bu cihazın köməyi ilə şiş hüceyrələrində CİSH (Chromogenic in situ Hybridisation) müayinəsi həyata keçirilir.
Ayrıca laboratoriyada istifadə olunan Ventana iScan CoreoAu əşya şüşəsi skaner aparatı ilə rəqəmsal arxivləşdirmə və telepatologiyanın təşkili mümkündür.
Laboratoriyada preparatların arxivləşdirilməsi, illərlə qorunub saxlanılması üçün müasir standartlara uyğun arxiv qutularından istifadə olunur
Həkim patoloqlar yüksək keyfiyyətli mikroskoplarla ( 10 ədəd- Zeiss, Almaniya ) təmin edilmişdilər. Təcrübə mübadiləsi üçün və öyrətmək məqsədi ilə 1 ədəd iki çıxışlı ( Scope 1, Zeiss, Almaniya), 1 ədəd 4 çıxışlı (Scope 1, Zeiss, Almaniya ) mikroskoplardan istifadə edilir.
Laboratoriyanın malik olduğu müasir texnologiya yüksək keyfiyyətli preparatların hazırlanmasına və daha dəqiq diaqnozların qoyulmasına imkan verir. Laboratoryada çalışan həkimlər xarici ölkələrdə- Türkiyə. Avstriya, Rusiyadan təhsil almış və kurs keçmişlər.