Ölkəmizdəki Nüvə Təbabəti Mərkəzi dünyanın ən müasir 25 PET-KT mərkəzindən biridir

|

Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Nüvə Təbabəti Mərkəzinin bir ili tamam olub. Mərkəz Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə ölkəmiz arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramı çərçivəsində təsis edilib. Müəssisə ölkəmizdə Pozitron Emissiya Tomoqrafiyası (PET) müayinəsi aparan ilk və yeganə mərkəzdir. PET müayinəsi orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi-diaqnostik görüntüləmə metodudur. Müayinə nəticəsində bədənin funksional və anatomik quruluşu barədə birgə məlumat əldə edilərək, orqanizmin istənilən bölgəsində hüceyrə səviyyəsində baş verən bütün dəyişikliklər müəyyən olunur.

PET-KT müayinəsindən onkoloji xəstəliklərin erkən diaqnostikası, şişin mərhələsinin təyin edilməsi, yayılmış şişlərin (metastazlar) ilkin mənbəyinin və mənşəyinin müəyyən olunması, şişin cərrahi yolla çıxarılmasının mümkünlüyünün dəyərləndirilməsi, şişə qarşı ən optimal müalicə üsulunun seçilməsi, şüa müalicəsi üçün şiş həcminin təyin edilməsi və planlaşdırılması, şiş əleyhinə aparılan müalicənin səmərəsinin qiymətləndirilməsi, müalicədən sonra şişin yenidən inkişafı (residiv) hallarının müəyyən edilməsi, cansız çapıq toxuması ilə aktiv şiş toxumasının fərqləndirilməsi, Alzheymer xəstəliyi, Parkinson xəstəliyi, epilepsiya, demensiyalar zamanı beyin funksiyalarının dəyərləndirilməsi, ürək hüceyrələrinin canlılığı və funksional vəziyyətinin müəyyən edilməsi və səbəbi bilinməyən uzun müddətli qızdırmanın mənbəyinin təyini zamanı istifadə edilir.

Mərkəzdə “Siklotron” avadanlığı vasitəsilə hazırlanan radiofarmasevtik dərman vasitələrinin sterilliyi, toksikliyi, dozası və molekulyar quruluşu yüksək standartlara cavab verən xüsusi laboratoriyada yoxlanılır və keyfiyyətinə zəmanət verilir.

Milli Onkologiya Mərkəzinin təşəbbüsü ilə PET-KT müayinəsi ilə neyroendokrin törəmələrin erkən diaqnostika və müalicəsinə yönəlmiş “NETS-2017” simpoziumu keçirilib və forumda iştirak edən yerli və xarici alimlər maraqlı diskussiya, elmi müzakirə və informasiya mübadiləsi aparıblar.

Ötən bir ildə Nüvə Təbabəti Mərkəzində bir çox onkoloji xəstə PET-KT müayinəsindən keçirilib, kardioloji və nevroloji problemi olan xəstələr müayinə olunub və onlara yüksək səviyyəli tibb xidməti göstərilib. Mərkəz onkoloji xəstəlikdən əziyyət çəkənlərin şəfa tapmasına yardım edib.

Əldə etdiyi uğurlara görə Milli Onkologiya Mərkəzi nəzdindəki Nüvə Təbabəti Mərkəzi bu yaxınlarda “Avropa Nüvə Təbabəti Assosasiyası” tərəfindən qeydiyyata alınaraq dünyanın ən mükəmməl 25 PET-KT mərkəzinin siyahısına daxil edilib. Bunun nəticəsi olaraq Milli Onkologiya Mərkəzinə dünyanın bir sıra ölkələrindən müraciətlər daxil olub. Rusiya, Suriya, Əfqanıstan, Ukrayna, Liviya, Gürcüstan, Qazaxıstan, bir sıra Avropa və Asiya ölkələrindən gələn pasiyentlər Nüvə Təbabəti Mərkəzində beynəlxalq səviyyədə müayinədən keçiblər.

İraq vətəndaşı Xəlif Yasin indiyədək Liviyada müalicə aldığını bildirib. “Avropa Nüvə Təbabəti Assosasiyası”nın rəsmi saytında dünyanın ən yaxşı 25 PET-KT mərkəzinin siyahısında Azərbaycanın adını görəndə Bakıya gəlməyə qərar verib. X.Yasin burada yaradılmış şərait və ən son avadanlıqlarla aparılan müayinə prosedurlarından razılığını bildirib. İraqda müayinəyə ehtiyacı olanlara Bakıdakı Nüvə Təbabəti Mərkəzini tövsiyə edəcəyini deyən iraqlı qonaq ölkəmizdə ona göstərilən münasibətdən, səmimiyyət və mehribanlıqdan çox təsirləndiyini söyləyib.

Yeri gəlmişkən, Rusiya, Türkiyə və digər ölkələrdə onlarla Nüvə Təbabəti Mərkəzi fəaliyyət göstərməsinə baxmayaraq, onların heç biri “Avropa Nüvə Təbabəti Assosasiyası”nın rəsmi saytı tərəfindən dünyanın ən yaxşı analoji mərkəzləri olaraq pasiyentlərə tövsiyə edilməyib. Azərbaycan Milli Onkologiya Mərkəzi nəzdindəki Nüvə Təbabəti Mərkəzi təkcə Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə deyil, eləcə də Avropada da ən son innovasiya və nanotexnoligiyalarla təchiz edilmiş qabaqcıl müasir diaqnostika və müalicə ocağıdır.

Tibb ocağında ən yüksək peşə hazırlığına malik bacarıqlı kadrlar çalışır. Milli Onkologiya Mərkəzinin nüvə təbabəti şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə başa vuraraq, 2007-2012-ci illərdə Türkiyənin Mərmərə Universiteti xəstəxanasında nüvə təbabəti üzrə uzmanlıq təhsilini uğurla başa vurub. 2010-2011-ci illərdə ABŞ-ın Nyu-York şəhərindəki məşhur “The Mount Sinai Medical Center” və “New York Presbyterian Columbia Cornell” Universitet Xəstəxanalarında nüvə təbabəti üzrə ixtisas kursu keçib, 2013-2014 illərdə isə Böyük Britaniyanın “University College London Hospital”ın Nüvə Təbabətı İnstitutunda klinik tədqiqatçı-həkim kimi fəaliyyət göstərib. Nüvə təbabətinə dair 20-dən çox elmi məqaləsi xarici tibb jurnallarında dərc olunub. Nüvə Təbabəti Mərkəzində fəaliyyət göstərən bütün orta tibb personalı və həkimlər xaricdə ixtisas üzrə təhsil və kurs keçiblər.

Nüvə Təbabəti Mərkəzinin yaradılması və əldə etdiyi uğurlarda ölkə rəhbərliyinin, şəxsən Prezient İlham Əliyevin böyük əməyi vardır. Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə Azərbaycan arasında həyata keçirilən Texniki Əməkdaşlıq Proqramının reallaşdırılması nəticəsində yaradılmış bu nəhəng struktur ölkə brendi kimi ölkəmizi onun hüdudlarından çox-çox uzaqlarda da layiqincə təmsil edir və tanıdır. Nüvə Təbabəti Mərkəzinin yaradılmasının ideya rəhbəri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevin də dediyi kimi, bu elmi-tibbi müəssisə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşəkkül tapan, son dövrlərdə yeni inkişaf mərhələsinə qədəm qoyan tibbi turizmin formalaşmasını və imkanlarını daha da artıracaq, onun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına yardımçı olacaqdır.