Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə aksiyası keçirilib

|

Milli Onkologiya Mərkəzi hər ilin fevral ayında həm Dünya Xərçəng Gününü, həm də Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Gününü qeyd edir. Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Gününə həsr olunmuş növbəti maarifləndirmə aksiyası fevralın 16-da “28 Mall” Ticarət Mərkəzində keçirilib.

Aksiyada mərkəzin əməkdaşları ilə yanaşı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də iştirak ediblər. Aksiya zamanı ictimaiyyətə xərçəng xəstəliyi, onun profilaktikası, diaqnostikası və müalicəsi üzrə məlumatlar verilib, müxtəlif maarifləndirici nəşrlər paylanılıb. Eyni zamanda, təcrübəli onkoloqlar vətəndaşların bu sahədə suallarını cavablandıraraq tövsiyələrini veriblər.

Mərkəzin Uşaq Onkoloji Klinikasının şöbə rəhbəri, ali ixtisas kateqoriyalı onkoloq, tibb elmləri doktoru Reyman İsmayılzadə bildirib ki, aksiyanın məqsədi əhalini məlumatlandırmaq və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların və onların valideynlərinin probleminə diqqət çəkməkdir: “Onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların problemləri təkcə onların problemi deyil. Bunlar bütün səhiyyənin, dövlət və qeyri-dövlət qurumlarının, cəmiyyətin problemidir. Uşaqlarda rast gəlinən onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1,5 faizini təşkil edir. Onlardakı şişlər böyüklərdə rast gəlinən onkoloji xəstəliklərdən çox fərqlidir. Bunların içərisində leykemiyalar, mərkəzi sinir sisteminin şişləri və limfomalar üstünlük təşkil edir. Böyüklərdə təsadüf edilən mədə-bağırsaq, ağciyər, süd vəzi kimi klassik xərçəng növlərinə uşaqlarda çox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları uşaq onkologiyasında daha yaxşı nəticə verir. Uşaqların böyük əksəriyyətində tam sağalmaya nail olmaq mümkündür.

2012-ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlayıb. Bu müasir, ixtisaslaşmış, yüksək texnologiyalı müalicə ocağının yaradılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi var”.

Şöbə rəhbəri bildirib ki, uşaq onkologiyasında əsas problem diaqnozun gec qoyulmasıdır. Bunun üçün poliklinikalarda maarifləndirmə tədbirləri keçirilməlidir: “Hər il Milli Onkologiya Mərkəzi bu məqsədlə rayonlarda tədbirlər keçirir. Bunun üçün mərkəzin Səyyar Diaqnostika Kompleksi də fəaliyyət göstərir. Kompleksin əməkdaşları bölgələrdə müraciət edən sakinlərin skrinninq müayinəsini aparırlar. Bununla yanaşı, həkimlərin, pediatrların da onkoloji ehtiyatlılığını artırmaq lazımdır. Çünki erkən mərhələdə aşkarlanan xərçəngin müalicəsi daha yaxşı nəticə verir. Ümid edirəm ki, həyata keçirilən tədbirlər bədxassəli şişlərə erkən diaqnoz qoyulmasına kömək edəcək”.