Endoskopiya Şöbəsi




Endoskopiya şöbəsi 1983-cü ildə yaradıldı. Bu şöbə 1987-ci ilə qədər Şirəliyev Oqtay Kazım oğlu tərəfindən idarə olunmuş və   Respublika endoskpik mərkəz funksiyasını daşımışdır. Sonradan 1994-cü ilə qədər bu şöbə ardıcıl olaraq O.P.Lopatina, Z.A. Məhərrəmova, V.İ.Quluyev, 1994-dən 2002-ci ilə qədər S.N.Hüseynov və 2002-ci ildən bugunkü günə kimi E.İ. İbrahimov tərəfindən idarə olunub.

Eyni zamanda qeyd etmək lazımdır ki, ilk qastroskopik müayinələr 50-ci illərin axırında sərt və yarımsərt  qastroskoplar vasitəsilə  E.D.Rəfibəyova-Abdullayeva tərəfinədn aparılmışdır. Onun davamçısı olan V.İ. Sadıxovun səyləri nəticəsində 1982-ci ildə Azərbaycan da ilk endoskopik kabinet təşkil olundu.

Endoskopik müayinə  metodları , müasir tibbdə öz   mühüm yeri olan  bir bölmədir. Bu metodun ən mühüm rolu – 40 yaşından başlayaraq  baş vermə riski artan şəxslərdə, şiş xəstəliyinin ilkin  mərhələlərinin aşkar olunmasına imkan yaratmasıdır.  Qəbul olunmuş qaydalara əsasən , hər bir şəxs ildə bir dəfə həkim-endoskopistin müayinəsindən  keçməlidir.

Endoskopiya şöbəsi Milli Onkologiya Mərkəzi çərçivəsində öz fəaliyyətini həyata keçirir. Endoskopiya şöbəsi,  mədə-bağırsaq  sisteminin yuxarı şöbələrinin , düz və çənbər bağırsağın, yuxarı tənəffüs yollarının,bronxların, sidik kisəsinin diaqnostik  manipulyasiyaların  aparılmasına imkan yaradan , ən müasir avadanlıqlarla təhciz olunmuşdur. Yeni rəqəmsal texnologiyalı NBİ sistem vizualizasiyalı  avadanlıq əldə olunması , selikli qişada baş vermiş patologiyaların diaqnostikasında yeni imkanlar yaratmışdır.

Diaqnostik endoskopiya :

  • Ezofaqoqastroduodenoskopiya biopsiya ilə (həmçinin pH –metriya və helikobakteriozun təyini üçün  ureaz testi).
  • Rektosiqmoskopiya və total kolonoskopiya biopsiya ilə
  • Yuxarı tənəffüs yollarının  endoskopiyası və bronxoskopiya biopsiya ilə
  • Sistoskopiya biopsiya ilə
  • Xromoskopiya ( müayinə zamanı adi gözlə nəzərə çarpmayan selikli qişa üzərində zədələnmə sahələrinin sərhədlərinin ,struktur xüsusiyyətlərinin  təyini məqsədilə toxumaların boyanması).

Müalicəvi endoskopiya :

  • Mədə bağırsaq sisteminin yuxarı şöbələrinin və tənəffüs yollarının xoşxassəli yenitörəmələrinin endoskopik kəsilib çıxarılması.
  • Yad cismlərin çıxarılması
  • Qida borusunun və mədənin  varikoz genişlənmiş damarlarının müalicəsi (liqaturaların qoyulması,damarların sklerozlaşdırılması)
  • Endoskopik üsulla qastrostomanın qoyulması
  • Həzm sistemi və tənəffüs yollarının  qanaxmalarının dayandırılması və profilaktikası
  • Mədə-bağırsaq sisteminin və tənəffüs yollarının striktur və daralmalarının genişləndirilməsi
  • Mədə-bağırsaq sisteminin və tənəffüs yollarının  xoşxassəli və bədxassəli daralmalarında stentin  yerləşdirilməsi.

Xəstənin arzusunu nəzərə alaraq endoskopik manipulyasiyalar venadaxili, ümumi keyləşmə altında aparılır, bu da xəstələrdə qorxu hissini ardan qaldırmağa və həmçinin bir neçə müayinəni birləşdirməyə imkan yaradır. Bütün endoskopik avadanlıqlar və alətlər yüksək keyfiyyətli dezinfeksiyaya və aşağı temperaturlu sterilizasiyaya məruz qalır, bununla da xəstənin hər hansı  infeksiyaya yoluxma ehtimalı istisna olunur.