Hörmətli tələbələr və gələcək rezidentlər
Milli Onkologiya Mərkəzinin rezidentura ilə bağlı internet səhifəsinə xoş gəlmisiniz. Ölkəmizin aparıcı onkoloji mərkəzində rezidentura keçməkdə maraqlı olduğunaza görə çox şadam.
MOM ölkə əhalisinə göstərilən ixtisaslaşmış onkoloji yardım üzrə aparılan elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas mərkəz funksiyasını daşıyır. Böyük elmi potensialı və müasir maddi-texniki bazasına malik Milli Onkologiya Mərkəzində təkcə onkologiya sahəsində deyil, onunla həmmərz olan elmlərdə də çoxsahəli elmi-tədqiqat problemlərinin öyrənilməsi işi uğurla aparılır.
Bu gün Milli Onkologiya Mərkəzi Azərbaycanda 1000 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan böyük aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.
Mərkəzimiz yarandığı gündən etibarən milli mütəxəssislərin hazırlanması, tibbi və cərrahi onkologiya və digər yanaşı ixtisaslar üzrə kadr potensialının gücləndirilməsinə xüsusi diqqət yetirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı və onun əlavələrini nəzərə alaraq, Milli Onkologiya Mərkəzində "Onkologiya", "Şüa diaqnostikası", "Şüa terapiyası", "Laboratoriya işi", "Anesteziologiya və Reanimatologiya" və "Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza" ixtisasları üzrə rezident hazırlığına başlanmışdır.
Mərkəzimizdə rezidentlər ümumi, torakal, ginekoloji, uroloji, mədə-bağırsaq, baş-boyun cərrahiyyəsi və neyrocərrahiyyə sahəsində aparılan ən mürəkkəb cərrahi əməliyyatlarda və çoxsaylı endoskopik prosedurların həyata keçirilməsində iştirak etmək imkanı əldə edir və unikal təcrübə qazanmış olur. ABŞ-ın Varian şirkətinin istehsal etdiyi TrueBeam™ STX-2,0 sistemi və Gamma Med HDR Plus braxiterapiya aparatı və digər müasir şüa terapiyası avadanlığına malik Şüa Terapiyası və Uşaq Şüa Terapiyası şöbələrində işləyərək, hematoloji onkologiya, İ-ci və İİ-ci kimya terapiyası şöbələrində onkoloji xəstəliklərin müasir kimya terapiyasına dair təcrübə qazanaraq, mərkəzimizin rezidentləri tibbi onkologiya sahəsində ən qabaqcıl bilik və bacarıqlara yiyələnmiş olur.
Mərkəzimizin Uşaq Onkoloji Klinikası isə rezidentlərə həm pediatrik onkologiya, pediatrik şüa və kimya terapiyası, uşaqların reanimasiya və pediatrik onkoloji cərrahiyyənin sirlərinə yiyələnməyə gözəl imkan yaradır.
Milli Onkologiya Mərkəzinin təlim-tədris sahəsində missiyası klinik və texniki cəhətdən yüksək ixtisaslı tibbi və cərrahi onkoloqlar, şüa terapiyası və şüa diaqnostikası mütəxəssisləri, laborator həkimlər və patoloqoanatomlar hazırlamaqdır. Bu proses zamanı mərkəzin bütün kollektivi ölkəyə və xalqa xidmət, etik davranış prinsipləri, qarşılıqlı hörmət və xəstələrə empatik qayğı standartlarına ciddi şəkildə riayət edir. Rezidentlərin hazırlığı məsələləri mərkəz rəhbərliyinin daim ciddi diqqəti altındadır. Rezidentlərlə nəzəri və praktik məşğələlər mərkəzin professor, dosent və yüksək ixtisaslı mütəxəssisləri tərəfindən aparılır. Hər bir rezidentin tədris-təlim və elmi potensialının təkmilləşdirilməsi işinin yüksək səviyyədə təşkili üçün mərkəzin həkimləri sırasından xüsusi kuratorlar da təyin edilmişdir. Beləliklə, Milli Onkologiya Mərkəzində rezidentlərin hazırlığı üçün bütün zəruri şərait yaradılmışdır.
Sizi bir daha səhifəmizdə salamlayıram və ümid edirəm ki, mərkəzimizin rezidentura proqramları sizə maraqlı olacaq və respublikamızın ən qabaqcıl onkoloji mərkəzində təliminizi davam etdirməyə qərarlı olacaqsınız.
Hörmətlə,
Akademik Cəmil Əliyev
Baş Direktor