Onkoginekoloji xəstəliklərə müasir yanaşma ilə əlaqədar beynəlxalq konfrans keçirilib

|

İyunun 8-də Bakıda Milli Onkologiya Mərkəzi və İsrail Onkoginekologiya Mərkəzinin birgə təşkılatçılığı ilə “Onkoginekoloji xəstəliklərə müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanın, İsrailin və Almaniyanın onkoginekoloji sahə üzrə mütəxəssisləri ilə yanaşı, ölkəmizin tibb müəssisələrinin həkimləri də iştirak ediblər.

Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini, tibb üzrə fəlsəfə doktoru Fuad Quliyev konfransı açaraq onkologiya elminin müasir dövrdə inkişafı və tədbirin əsas məqsədi barədə məlumat verib.

Mərkəzin onkoginekologiya şöbəsinin müdiri Şəmistan Alıyev rəhbərlik etdiyi şöbədə aparılan əməliyyat və tətbiq olunan müalicə üsulları, həkim və tibb işçilərinin beynəlxalq əməkdaşlığı haqqında danışıb.Sonra müxtəlif ölkələrdən olan onkoloqların səhiyyənin aktual mövzu və məsələləri ilə əlaqədar qarşıda duran çətinliklər və onların potensial həlli yolları daxil olmaqla, müxtəlif mövzuların müzakirəsi üzrə məruzələri dinlənilib.

İsrail Onkoginekologiya Cəmiyyətinin prezidenti, Barzilai Tibb Mərkəzinin Ginekologiya şöbəsinin rəhbəri, professor Ofer Gemer “Endometrial xərçəngdə limfadenektomiya və sentinel limfa düyünü biopsiyasının rolu”, Kaplan Tibb Mərkəzinin ginekologiya şöbəsinin rəhbəri, professor Alon Ben-Arie (İsrail) ”Reproduktiv funksiya qoruyucu müalicə və irsi endometrial xərçəng”, doktor Əhməd Namazov (İsrail) “Endometrial xərçəngin diaqnozunda histeroskopiyanın rolu” və doktor Alfred Hansel (Almaniya) “Uşaqlıq boynu xərçənginin diaqnostikasında yeni molekulyar diaqnostik metodlar” mövzusunda çıxış ediblər.

Konfransda iştirak edən həkimlərə beynəlxalq sertifikatlar verilib.

İyunun 9-da konfransda Azərbaycan və İsrail mütəxəssisləri arasında onkoginekoloji xəstəliklərə müasir yanaşma mövzusunda dəyirmi masa və müzakirələr, xəstə təqdimatları, diskussiyalar və kliniki müzakirələr aparılıb.

İyunun 10-da Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev İsraildən gələn mütəxəsisslər ilə görüşüb.

Görüşdə akademik Cəmil Əliyev qonaqlara MOM-un elmi-klinik fəaliyyəti haqqında məlumat verib. Bildirib ki,  MOM-un müasir standartlara cavab verən və yaraşıqlı korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub. Hazırda Milli Onkologiya Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.

Görüşdən sonra qonaqlar Milli Onkologiya Mərkəzi ilə tanış olub və cərrahi əməliyyatlarda iştirak ediblər.