Milli Onkologiya Mərkəzi ilə “Orfit Industries” şirkəti arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb

|

Oktyabrın 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) bu tibb müəssisəsi ilə Belçikanın “Orfit Industries” şirkəti arasında uzunmüddətli (beş illik) əməkdaşlıq haqqında müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi MOM-un baş direktorunun birinci müavini, professor Əziz Əliyev və “Orfit Industries” şirkətinin prezidenti Stiven Kaypers imzalayıblar.

İmzalanma mərasimində çıxış edən professor Əziz Əliyev vurğulayıb ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində Milli Onkologiya Mərkəzi ən yeni tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz olunub, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi problemi aradan qaldırılıb. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoyula bilər. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksək keyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını aparır, xəstələri müasir cərrahi metodlar, şüa terapiyası və dərman preparatları ilə müalicə edir, mövcud müalicə metodlarını daha da təkmilləşdirmək məqsədi ilə irimiqyaslı elmi araşdırmalar aparırlar. Şüa terapiyası şöbəsində hər il 3000-3500 pasiyentə radioterapiya prosedurları tətbiq edilir.

Professor Ə.Əliyev Milli Onkologiya Mərkəzinin bu sahədə dünyanın aparıcı klinika və şirkətlərlə əməkdaşlığı barədə məlumat verərək qeyd edib ki, 2014-cü ilin oktyabrında MOM ilə bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistem” şirkəti (ABŞ) arasında əməkdaşlıq haqqında saziş imzalanıb və beləliklə, MOM rəsmi referens-mərkəz statusu alıb. Bundan əlavə, 2015-ci ildə MOM-un klinik-biokimya laboratoriyasına İsveçrənin “Roche Tissue Diagnostics” şirkəti tərəfindən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə referens-mərkəz statusu verib. 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Onkologiya Mərkəzi ilə M.D.Anderson adına Onkoloji Mərkəz (MD Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Hazırda Milli Onkologiya Mərkəzi respublika əhalisinə ixtisaslı onkoloji yardım göstərilməsi üzrə aparılan elmi-metodik və profilaktik işlərin əlaqələndirilməsi ilə məşğul olan baş qurumdur.

“Orfit Industries” şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaqdır. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər - fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur. Göstərilmişdir ki, şüa müalicəsinin müasir metodlarla aparılması olduqca mürəkkəb işdir. Bu müalicə metodları yüksək hazırlıqlı kadrlar və müasir texnologiyalar tələb edir. Milli Onkologiya Mərkəzində bu istiqamətdə davamlı işlər aparılır. Şüa müalicəsi şöbəsində ən müasir kompüter proqramları ilə təchiz edilmiş 5 xətti sürətləndirici, yüksək enerjili braxiterapiya, kompüter tomoqraf simulyator və digər qurğular fəaliyyət göstərir.

İmzalanma mərasimində çıxış edən “Orfit Industries” şirkətinin prezidenti Stiven Kaypers xatırladıb ki, 2015-ci il yanvarın 19-da Azərbaycanın və bütün Qafqaz regionunun aparıcı onkoloji müəssisəsi olan Milli Onkologiya Mərkəzi ilə “Orfit Industries” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişə əsasən MOM tədris-sınaq mərkəzi statusu alıb. Bu sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsi, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə çatdırılması, xarici ölkələrin mütəxəssisləri ilə geniş fikir mübadiləsi aparılması üçün imkan yaradır. Bununla bərabər, həmin sazişin imzalanması MOM-da onkoloji xəstələrə göstərilən xidmətlərin yüksək səviyyəsinin dünyanın digər aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir. Bundan əlavə, saziş klinik praktika və tədqiqatların, o cümlədən elmi və maarifçilik tədbirlərinin təşkil edilməsini nəzərdə tutur.

Stiven Kaypers öz şirkətinin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki, “Orfit Industries” şüa terapiyası zamanı xəstələrin immobilizasiyasını və yerləşdirilməsini təmin edən sistem və avadanlıqların dünyada tanınmış təchizatçısıdır. Qeyd edilib ki, beynəlxalq tədris-sınaq mərkəzi statusu yalnız ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş, xəstələrin diaqnostikası və müalicəsi sahəsində böyük təcrübəsi olan yüksəkixtisaslı mütəxəssisləri olan klinikalara verilir. Avropada cəmi 7 ölkədə bu cür klinikalar var. Bu fakt Azərbaycan MOM-un səviyyəsini bir daha təsdiq edir. Bütün bunlar nəzərə alınaraq əməkdaşlıq haqqında müqavilənin müddətini daha 5 il uzatmaq qərara alınıb.

Belçika Krallığının ölkəmizdəki səfiri Bert Şufs tədbirdə çıxış edərək vurğulayıb ki, MOM-da onkoloji xəstələrə Avropa standartlarına uyğun tibbi xidmət səviyyəsinin artırılmasını, ilk növbədə, Prezident İlham Əliyevin mütərəqqi humanitar siyasətinin nəticəsi kimi qiymətləndirmək lazımdır. Uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanması bir daha təsdiq edir ki, bu sahədə dünya liderləri sayılan digər klinika və şirkətlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində göstərilən onkoloji yardımın yüksək səviyyədə olmasını etiraf edirlər.



Milli Onkologiya Mərkəzi ilə “Orfit Industries” şirkəti arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb  VİDEO