Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin yubileyinə həsr olunmuş konfrans keçirilib.

|

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Əliyevin, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın, istedadlı həkim-alim, professor Tamerlan Əliyevin də xatirəsi anılıb, məzarları üzərinə tər güllər düzülüb.

Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların iştirak etdiyi konfransda səhiyyə naziri, professor Oqtay Şirəliyev Əziz Əliyevin milli tibb kadrlarının hazırlanmasında çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərindən danışıb.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, xalqımız öz şərəfli tarixinə nəzər yetirərkən Vətəninə, xalqına sadiq olan şəxsləri çox incəliklə və qayğı ilə yada salır. Onların arasında dövlət xadimi, səhiyyənin və tibb elminin görkəmli təşkilatçısı Əziz Əliyevin xüsusi rolu var. Respublikanın Xalq Komissarlığının müalicə şöbəsinin rəhbəri, Bakı şəhərinin səhiyyə şöbəsinin rəisi, Azərbaycan Tibb İnstitutunun rektoru vəzifələrində işləyərkən Əziz Əliyev nail olduğu təcrübəsini, istedadını, sönməz enerjisini respublikanın səhiyyəsinə, yüksək ixtisaslı həkimlərin yetişdirilməsinə, elmin inkişafına yönəldib. Əziz Əliyev 1959-cu ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru olub. Məhz institut tarixinin bir çox şərəfli səhifələri Əziz Əliyevin adı ilə bağlıdır. O dövrdə institut öz fəaliyyətini genişləndirib, tək Azərbaycanın yox, bütün Sovet respublikalarının, Monqolustanın, Bolqarıstanın həkimlərinin hazırlanmasında iştirak edib. Yeni kafedralar yaradılıb, elmi-pedaqoji kadrların hazırlığı maksimum dərəcədə yaxşılaşdırılıb, onun redaktor kimi rəhbərliyi altında institut əməkdaşlarının elmi əsərlərinin bir neçə məcmuəsi nəşr olunub, həkim-dinləyicilərin qabiliyyəti, bacarığı dərinləşdirilib və ixtisas dərəcələri möhkəmləndirilib.

İnstitutun kadr bazasında yüksək ixtisaslı mütəxəssislər hazırlanıb, tibb sahəsində yüksək kateqoriyalı elm adamları yetişdirilib. Milli kadrların, alim-həkimlərimizin yetişdirilməsi məhz institut rəhbərliyinin məqsədyönlü xidmətinin təsdiqidir. Azərbaycan həkimləri kütləvi şəkildə ixtisasartırmaya cəlb olundular. İnstitutda həkimlərin və əczaçıların internatura, yenidən ixtisaslaşma, ordinatura, aspirantura və doktoranturada hazırlanması təmin edilib. İnstitutun əsas kafedralarının Bakının iri xəstəxanalarında və müalicə ocaqlarında yerləşdirilməsi ilə elmlə praktikanın vəhdəti təmin edilib. İnstitut respublikamızda əhəmiyyətli bir elmi-tibbi mərkəzə çevrilib.

Əziz Əliyevin elmi fəaliyyəti də geniş olub. Belə ki, o, 1929-cu ildə aspiranturanı bitirərək müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edib və sonradan Azərbaycan Tibb İnstitutunun terapiya kafedrasında həm assistent, həm də dosent vəzifəsində çalışarkən ölkəmiz üçün vacib problemlər üzərində həvəslə və məharətlə işləyib. Həmin dövrdə Azərbaycan dilində həkimlərin və tələbələrin kliniki hazırlığı üçün zəruri olan ilk “Klinik analizlər” dərsliyini Əziz Əliyev nəşr etdirib. 1937-ci ildə Əziz Əliyev “Eksperimental nefrit” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Bu iş Azərbaycan təbibləri tərəfindən müdafiə olunmuş ilk doktorluq dissertasiyalarından biri idi. Elmi əsər SSRİ Elmlər Akademiyasının mükafatına layiq görülüb. Əziz Əliyev 87 elmi əsərin müəllifidir, onlardan 70-i təbabətin ayrı-ayrı sahələrinə, 17-si isə tarixi və siyasi problemlərə aiddir.

N.Qasımov Əziz Əliyevin siyasi xadim kimi fəaliyyətini də xüsusi qeyd etdi. Ə.Əliyev istər Azərbaycanda, istər Dağıstanda və istərsə də Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.

1960-cı ildə Əziz Əliyevə “Azərbaycan SSR əməkdar həkimi” fəxri adı verilib. O, I-II çağırış SSRİ Ali Sovetinin deputatı, həmçinin Azərbaycan SSR Ali Sovetinin I-III çağırış, Dağıstan MSSR Ali Sovetinin II çağırış deputatı olub. Əziz Əliyevin iki dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, I dərəcəli Vətən müharibəsi ordeni və bir çox medallarla təltif edilib.

1962-ci ilin sentyabrın 27-də institutun professor-müəllim heyətinin vəsatəti əsasında Nazirlər Sovetinin 773 saylı qərarı ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna professor Əziz Əliyevin adı verilib. Bu hadisə institutun əməkdaşları tərəfindən Əziz Əliyevin böyük xidmətlərinin qiymətləndirilməsi kimi dərin minnətdarlıq hissi ilə qarşılanıb.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində böyük rolu olan nadir şəxsiyyət adlandırıb. Bildirilib ki, dünyada elə insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında böyük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan və eyni zamanda, çətindir. Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.

Rektor Tibb Universitetinin fəaliyyətində danılmaz rolu olan görkəmli alimin Azərbaycan səhiyyəsi üçün peşəkar kadrlar yetişdirdiyini bildirib. Qeyd edilib ki, bu universitetə rəhbərlik etdiyi illərdə Əziz Əliyev ali təhsil müəssisəsinin işini daha da təkmilləşdirib. Həmin illərdə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitab yazılıb. Əziz Əliyev səhiyyənin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin ATU-nun kitabxanası da professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda tibbi ədəbiyyata malikdir.

G.Gəraybəyli qeyd edib ki, o, bu günlərdə Dağıstanda olub və orada elmin və təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirdi.

Əziz Əliyevlə bağlı xatirələrini bölüşən M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan danışıb. Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və qayğıkeşliyi ilə qaldığını vurğulayıb. Bildirilib ki, onun Azərbaycan xalqı qarşısındakı xidmətləri xalqın yaddaşında daim yaşayacaq və yad olunacaq. İnsanın varlığının sirri onun mənalı yaşamasındadır deyən akademik Əziz Əliyevin dünya gözəlliklərini və xoşbəxtliyini xalqa olan sevgisində və xidmətində gördüyünü qeyd edib. İllərin insan yaddaşına hakim olmadığını deyən B.Ağayev Əziz Əliyevin dünyasını dəyişdiyi vaxtdan uzun illərin ötməsinə baxmayaraq, onun əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını vurğulayıb.

Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərindən danışan Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şahbanov təmsil etdiyi universitetin rektoru professor Süleyman Mammayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev ailə üzvləri adından atasına göstərilən diqqətə görə dövlət başçısına və tibb ictimaiyyətinə öz minnətdarlığını bildirib.

Sonra konfrans iştirakçılarına Əziz Əliyevin həyat, ictimai və elmi fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Konfrans öz işini institut alimlərinin apardıqları elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən çıxışları ilə davam etdirdi. Təbabətin müxtəlif aktual problemlərinə həsr olunmuş məruzələr dinlənildi.

Qeyd edək ki, tədbir Prezident İlham Əliyev "Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən keçirilib.

Foto


(c) Azertac