Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medical Systems” şirkəti arasında əməkdaşlıq

|

8 Oktyabr 2014  ildə  Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında əməkdaşlıq sazişi imzalandı. Əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzaladılar.
İmzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir. Saziş, eyni zamanda, tərəfdaşlar arasında əməkdaşlığın daha da genişləndirilməsinə, müasir texnologiyaların Azərbaycana daha qısa müddətdə gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparılmasına imkan verəcəkdir.

“Varian Medical Systems” şirkətinin Bakı beynəlxalq tədris və məsləhət mərkəzində radioterapiya üzrə praktiki nümunəvi məşğələlər tədris olunacaq, xarici ölkələrdən olan həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə dərslər təşkil olunacaqdır. Eyni zamanda, Azərbaycanın radiasion onkoloqları ilə yanaşı, digər mütəxəssislər – fiziklər, mühəndislər və texniklər üçün seminarlar nəzərdə tutulur.