Onkologiya problemlərinə həsr olunmuş Azərbaycan-İtaliya elmi forumu
Forumun işində Azərbaycan mütəxəssisləri ilə yanaşı, İtaliya Səhiyyə Nazirliyinin məsul əməkdaşlarından və bu ölkənin aparıcı onkologiya mərkəzlərinin baş direktorlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.
Giriş zamanı Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev təbrik nitqi ilə çıxış edərək bildirmişdir ki, forum 2010-cu ilin oktyabrında Azərbaycan və İtaliya səhiyyə nazirlikləri arasında imzalanmış əməkdaşıq haqqında Memorandum çərçivəsində keçirilir.
Ölkəmizdə onkologiya xidmətinin strukturu və işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə ətraflı məlumat verən mərkəzin direktoru qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə “Onkoloji yardım haqqında” Qanun imzalamışdır. Bu Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşlarının pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almalarının hüquqi zəmin yaratmışdır. Bundan əlavə, dövlət onkoloji xidmətin fəaliyyətinin maliyyələşməsini respublika və yerli büdcələrin vəsaiti hesabına təmin edir.
Sonra akademik Cəmil Əliyev Azərbaycanda bədxassəli şiş xəstəliklərinin xüsusiyyətlərindən və Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin cərrahi, şüa v. dərman preparatları ilə müalicəsi sahəsində istifadə olunan ən müasir tibbi texnologiyalardan bəhs etmişdir.
İtaliya nümayəndə heyətinin rəhbəri, bu ölkənin Səhiyyə Nazirliyinin Beynəlxalq Əlaqələr departamentinin baş direktoru Cuzeppe Rokko mehribanlıqla qarşılandıqlarına görə nümayəndə heyəti adından dərin minnatdarlığını bildirmişdir. İtaliyada təbabətin imkanlarından söz açan C.Rokko Azərbaycanda diaqnostika standartlarının və onkoloji xəstələrin müalicəsinin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulamışdır ki, 2010-cu ilin oktyabrında imzalanmış Memorandum münasibətlərimizin inkişafında yeni mərhələdir, indiki elmi forum isə onların inkişafına təkan verəcəkdir.
Sonda akademik Cəmil Əliyev və professor Cuzeppe Rokko əmin olduqlarını bildirmişlər ki, iki ölkə arasında onkologiya sahəsində elmi-praktiki əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.
Forumun sonunda Milli Onkologiya Mərkəzi və İtaliyanın bir sıra aparıcı onkologiya mərkəzləri arasında bədxassəli şişlərin profilaktikası, diaqnostikası müalicəsi sahəsində elmi-praktiki əməkdaşlıq barədə müqavilələr imzalanmışdır.
Müqavilələr imzalandıqdan sonra İtaliya nümayəndə heyəti Milli Onkologiya Mərkəzinin elmi-klinik bölmələri ilə tanış olmuşlar.