Naxçıvanda elmi-praktik konfrans keçirilib

|

      Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Milli Onkologiya Mərkəzinin dəstəyi ilə “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktik konfrans keçirilib.

        Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyi ilə tanış olublar.

        Konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bu cür elmi tədbirlərin səhiyyə sahəsində bilik və təcrübə mübadiləsini təşviq etdiyini, xüsusilə onkologiyanın müasir yanaşmalarla inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Konfransda onkologiya sahəsinin müxtəlif aspektlərini əhatə edən elmi çıxışlar dinlənilib. Çıxış edən həkimlər "Baş və boyun şişlərinə müasir yanaşma", "Azərbaycanda uşaq onkologiyasının inkişafı", "Sümüklərin bədxassəli törəmələrində cərrahi bərpa üsulları", "Uşaqlıq boynu xərçənginə müasir yanaşma" və digər mövzularda elmi bilik və təcrübələrini iştirakçılarla bölüşüb, auditoriyanın suallarını cavablandırıblar.

         Konfrans onkologiya sahəsində beynəlxalq standartlara uyğun yeni yanaşmaların müzakirəsi və praktiki təcrübə mübadiləsi üçün vacib platforma olub. Tədbir səhiyyə sahəsində yeni əməkdaşlıq perspektivləri və inkişaf imkanları baxımından uğurla başa çatıb.

Səfər zamanı qonaqlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yerləşən DƏSTƏK Mərkəzində yaradılan müasir şərait və göstərilən xidmətlərlə tanış olub, Təcili Tibbi Yardım Xidmətinin fəaliyyəti ilə yaxından maraqlanıblar.

     Nazir Samiq Sadıxov təcili tibbi yardım avtomobillərində quraşdırılmış GPS izləmə sistemləri, 103 Çağrı Mərkəzinin iş prinsipi və göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən yeniliklər barədə ətraflı məlumat təqdim edib.

        Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssislərindən ibarət heyət Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasının qarşısında yerləşən akademik Əziz Əliyevin büstünün önünə gül dəstələri qoyub, akademikin xatirəsini ehtiramla yad ediblər. Ardınca qonaqlar xəstəxananın tərkibində yaradılan Təcili Tibbi Yardım şöbəsinə baxış keçiriblər.

       Milli Onkologiya Mərkəzinin həkim və mütəxəssisləri Naxçıvan Muxtar Respublikası Xəstəxanasında yaradılan, şəhidlərimizin adlarını daşıyan təlim otaqlarına baş çəkib, buradakı şəraitlə tanış olublar.