Bakıda VII Beynəlxalq uroonkologiya simpoziumu keçirilib

|

Oktyabrın 4-5-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Onkoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Bakıda VII Beynəlxalq uroonkologiya simpoziumu keçirilib.

Beynəlxalq Uroonkologiya Simpoziumunu giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Fuad Quliyev, Mərkəzin baş direktoru akademik Cəmil Əliyev adından tədbir iştirakçılarını salamlayıb, mərkəzin müasir dövrdə fəaliyyəti haqqında ətraflı məlumat verib, simpoziumun işinə uğurlar arzulayıb.

Simpoziumda Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin, AMEA-nın müxbir üzvü, akademik Sudeif İmamverdiyev, Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyev, Türkiyənin Hacettepe Universiteti Tibb fakültəsinin professoru Cenk Yücel Bilen, Türkiyənin 9 Eylül Universitetin professoru Ömer Demir, Türkiyənin 19 Mayıs Universitetin professoru Ender Özden, həmçinin digər yerli və xarici ekspertlər çıxış etmişlər.

Tədbirdə uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, müxtəlif yanaşma aspektləri mövzularda məruzələr dinlənilib və geniş fikir mübadiləsi aparılıb.

VII Beynəlxalq Uroonkologiya Simpoziumu ərəfəsində bu tədbirin tərkib hissəsi kimi, oktyabrın 4-də Milli Onkologiya Mərkəzində ekspertlərin iştirakı ilə təlim və bir sıra laparoskopik əməliyyatlar keçirilib.

7 oktyabrda Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Kaprin Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyevlə görüşmüşdür. Görüş çərçivəsində Milli Onkologiya Mərkəzi və Rusiya Federasiyası Səhiyyə Nazirliyi "Radiologiya Milli Tibbi Tədqiqat Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsi  arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır. Memorandumun  məqsədi hər iki Mərkəz arasında elmi-tədqiqat proqramlarının və elmi işlərin aparılması, təcrübə mübadiləsi, birgə elmi layihələrin işlənib hazırlanmasıdır.