Milli Kanser (Xərçəng) Registr
Onkoloji xəstəliklərin kontrolunda Kanser Registrlərinin rolu
Dünyada 2030-cu ilədək xəstəliklərlə bağlı gözlənilən proqnoz
2011-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən Nyu-Yorkda Qeyri-infeksion xəstəliklər üzrə BMT-nin Yüksək səviyyəli iclası keçirilmişdir. Bu iclasın nəticəsi olaraq 2013-2020-ci illər üzrə Qeyri-infeksion xəstəliklərin profilaktikası və kontroluna dair Qlobal strategiyanın icrası üçün Fəaliyyət Planı qəbul edilmişdir. Qeyri-infeksion xəstəlikləri baxımından xərçəng xəstəliklərinin profilaktikası və kontrolu xüsusi əhəmiyyət kəsb edir.
ÜST-nin dünya ölkələrində qeyri-infeksion xəstəliklərin vəziyyəti üzrə sonuncu hesabatına görə, dünyada 2008-ci ildə 57 milyon insan dünyasını dəyişib ki, onların da 36 milyonu məhz qeyri-infeksion xəstəliklərdən vəfat edib. Dünyada ürək-damar xəstəlikləri nəticəsində ölənlərin illik sayının 2030-cu ilədək 23,3 milyona, onkoloji xəstəliklərdən ölənlərin illik sayının isə həmin dövrdə 13,1 milyon olması gözlənilir. Təhlillər onu da göstərir ki, il ərzində qeyri-infeksion xəstəliklərdən ölənlərin ümumi sayı 2030-cu ilədək 55 milyon olacaq.
Azərbaycanın rəsmi statistikasına görə, ölkədə insan ölümünün əsas səbəbləri sırasında ilk yeri ürək-damar, ikinci yerdə isə onkoloji xəstəliklər tutur. 2008-ci ildə aparılmış təhlillərə əsasən, Azərbaycanda bütün ölümlərin 87 faizi qeyri-infeksion xəstəliklərin payına düşür. Statistikanın təhlili göstərir ki, ürək-damar xəstəliklərindən ölənlərin sayı 51%, xərçəng xəstəliyindən ölənlərin sayı isə 11%-dır. ÜST-nın proqnozuna görə 2010-2020-ci illər ərzində qeyri-infeksion xəstəliklər, o cümlədən, ürək-damar xəstəlikləri və xərçəng xəstəlikləri ilə bağlı ölüm hallarının 15%-dək artması gözlənilir.
Xərçəng xəstəliyi ilə bağlı proqnoz.
ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaqdır. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.
Səhiyyə xidmətlərinin planlaşdırılması və maliyyələşdirilməsi ilə məşğul olan müvafiq dövlət qurumları üçün ölkə daxilində, müxtəlif icmalarda və ya əhali qrupları arasında baş verən xərçəng xəstəliyi yükünün müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Məlumdur ki, dünya ölkələri üzrə 2014-2050-ci illərdə ölümlərin böyük bir hissəsi tütünçəkənlər arasında olacaqdır. Tədqiqatlar göstərir ki, tütündən istifadənin cəmi 50%-dək azaldılması 2020-ci ilədək 180 milyon insanın həyatını xilas etmiş olar. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə dünyada baş verən 55 milyon ölüm hallarının 2/3 hissəsi məhz qeyri-infeksion xəstəliklər səbəbindən baş verir. Və bu ölümlərin böyük hissəsi məhz xərçəng xəstəliyi səbəbindən baş verir. Ümumiyyətlə, ÜST-nın hesabatına görə hər il dünyada 4.2 milyon insan xərçəng xəstəliyindən erkən ölür.
Xərçəng xəstəliyi hallarının illər üzrə təhlili göstərir ki, məsələn, Avropada 2012-ci ildə 4 milyon yeni xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaqdır.
Azərbaycanda onkoloji (xərçəng) xəstəliklərin durumu.
Xərçəng xəstəliyinin yayılmasına gəlincə isə Azərbaycanda 2008-ci ildə 25.472 xərçəng xəstəsi (prevalens) müalicə-profilaktika müəssisələrində qeydiyyatda olmuşdursa, 2013-cü ildə onların sayı artıq 34.681 nəfərə çatmışdır. Burada vurğulanmalıdır ki, qeyd edilən artım əsasən onkoloji xidmətin gücləndirilməsi, müasir diaqnostik müayinələrin əlçatanlığının və tətbiqinin genişlənməsi, habelə maarifləndirmə işi ilə bağlıdır.
Ölkədə 2008-ci ildə 7.377 yeni xərçəng halı (insidens) qeydə alınmışdırsa, 2013-cü ildə bu rəqəm 9.064 hal olub. 2008-ci ildə 884 yeni ağciyər, traxeya və bronxların xərçəngi, 816 yeni mədə xərçəngi, 1070 yeni süd vəzi xərçəngi və 344 yeni qida borusu xərçəngi və 299 yeni düz bağırsaq, anus və siqmaya bənzər bağırsaq xərçəngi müəyyən edilmişdirsə, 2013-cü ildə artıq 1519 yeni süd vəzi xərçəngi (~50% artım), 1039 yeni ağciyər, traxeya və bronxların xərçəngi (~20% artım), 367 yeni qida borusu (~6% artım), 1042 yeni mədə xərçəngi (~30% artım) və 407 yeni düz bağırsaq, anus və siqmaya bənzər bağırsaq xərçəngi (~25% artım) qeydə alınmışdır.
Bədxassəli xəstəliklərin hallarının pasiyentlərin cinsindən asılı olaraq təhlili göstərir ki, 2008-ci ildə qeydə alınmış bütün yeni törəmələrin 3785 halı qadınlarda baş vermişdirsə, 2013-cü ildə xərçəngə tutulmuş qadınların sayı 4659 olmuşdur. Qadınlarda müəyyən edilmiş xərçəng hallarının böyük hissəsi süd vəzi, uşaqlıq boynu və yumurtalıqların xərçəngi xəstəliklərinin payına düşür.
Qeyd edilməlidir ki, 2008-ci ildə bütün səbəblərdən ölən 52.710 xəstənin 6.515, 2013-cü ildə isə bütün səbəblərdən ölən 54.383 xəstənin 6383 nəfəri xərçəng xəstəliyi səbəbindən ölmüşdür. Xərçəng xəstəliyindən 2013-cü ildə ölənlərin 3575 nəfəri kişi, 2808 nəfəri qadın olmuşdur.
Beləliklə, xərçəng xəstəliyinin yükü ilbəil artmaqdadır və qeyri-infeksion xəstəliklər səbəbindən ölənlərin sırasında onkoloji xəstəliklərin payı 11%-dır. Onkoloji xəstəliklər səhiyyə xərclərinin mühüm bir hissəsini tutması ilə yanaşı, bu xəstəliklərin sosial, psixoloji və emosional yükü digər xəstəliklərdən daha ağır və mürəkkəbdir. Lakin bununla yanaşı onkoloji xəstəliklərin profilaktikası və əsasən də erkən diaqnostika və müalicəsi sahəsində son 30 ildə əldə olunmuş inkişaf bu xəstəliklərin iqtisadi və sosial yükünün azaldılmasına geniş imkanlar açıb. Ölkədə onkoloji xəstələrə göstərilən xidmətlərin xüsusi onkoloji klinika və dispanserlər tərəfindən təmin edilməsi, kadr potensialının gücləndirilməsi və onkoloji müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması, onkoloji xəstələrin dərman təminatının gücləndirilməsi onkoloji xəstəliklərdən ölüm hallarının azaldılmasına və onkoloji xəstələrin daha uzun ömür sürməsinə imkan verir. Buna baxmayaraq ölkədə qeyri-infeksion, o cümlədən, onkoloji xəstəliklərin profilaktikasına daha böyük əhəmiyyət verilməli və müxtəlif skrininq müayinə proqramları tətbiq olunmalıdır.
Eyni zamanda xərçəng xəstəliyinin baş verməsi səbəbləri, ölkədə və onu müxtəlif bölgələri və əhalinin müxtəlif yaş qrupları arasında yayılması məsələlərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır, bu günədək müxtəlif xərçəng xəstəliklərinin (kanser) yaranma səbəbi və gedişatı barədə məlumat haradan əldə edilib? Bununla yanaşı, əhalinin hansı qruplarının və ya kimin xərçəng xəstəliyinə tutulma riski yüksəkdir sualı da həm geniş əhalini, həm də həkimləri və səhiyyə siyasətini həyata keçirən qurumları ciddi maraqlandırmalıdır. Xərçəng Xəstəlikləri Registri məhz bu və digər çoxsaylı suallara cavab əldə etmək üçün tələb olunan və öz faydalığını dünyanın bir çox ölkələrində artıq sübuta yetirmiş mühüm vasitədir.
Onkoloji (xərçəng) Xəstəliklərin Registri (Kanser Registri) nədir?
Xərçəng Xəstəlikləri Registri xərçəng xəstəliyi olan pasiyentlər və onların aldıqları müalicə (dərmanlar, kimya terapiyası, şüa terapiyası, paliativ qayğı və s.), habelə xərçəngin histoloji variantları barədə məlumatı toplayır və xüsusi yaradılmış məlumat bazasında saxlayır. Həmin məlumatlar sonradan bir çox sualların, o cümlədən aşağıdakı sualların cavablandırılması üçün istifadə edilə bilir:
- Ötən il ilə müqayisədə cari ildə yoğun bağırsaq xərçəngi hallarının sayı artıb ya azalıb?
- Ölkənin hansı bölgəsində qadınlar süd vəzi xərçənginə tutulduqları barədə çox gec xəbər tutur?
- Mədə xərçəngi hansı yaşlarda daha çox qeydə alınır?
- Dəri xərçəngi daha çox hansı əhali qrupları arasında yayılmışdır?
- Qida borusu xərçənginə görə xəstələr hansı müalicəni alıb və qısa və uzun müddətli nəticələr necə olub?
- Paliativ qayğı hansı xərçəng xəstəliklərinda daha çox istifadə edilb?
- və s.
Xərçəng Xəstəliklərinin Registrində toplanan məlumatların təhlili, o cümlədən, müqayisəli təhlili xərçəng xəstəliyinin profilaktikası üçün müvafiq tədbirlərin görülməsinə, tətbiq olunan müalicə metodlarının effektivliyinin qiymətləndirilməsinə, əhalinin müxtəlif qruplarına hədəflənmiş profilaktik və diaqnostik tədbirlərin təşkilinə və s. imkan verir.
Xərçəng Xəstəliyi Registrinin faydası.
Yuxarıda qeyd edilmiş məsələlərin həlli ilə yanaşı Xərçəng Registri (Kanser Registri) aşağıdakı məsələlərə aydınlıq gətirməyə və dövlətin səhiyyə siyasətinin strateji istiqamətlərini müəyyən etməyə imkan verə bilər:
- Xərçəng xəstəliyinə tutulma riski yüksək olan əhali qruplarını müəyyən etməyə (məsələn, yaşlar və ya cinslər üzrə xərçəng hallarının dəyişməsi),
- Xərçəngin çox yayıldığı bölgələrdə müvafiq skrininq və ya hədəfli dispanserizasiya tədbirlərini tətbiq etməyə (uzaq kəndlərdə yaşayan və ya keyfiyyətli müasir tibbi xidmətlərə çıxışı zəif olan əhaliyə hədəflənmiş skrininq kampaniyalarının təşkili),
- Müxtəlif xərçəng xəstəliklərinin səbəblərini müəyyən etməyə (məs., ağciyər xərçənginin daha çox tütündən istifadə edən xəstələr arasında yayıldığı məlumdur, lakin bir çox digər xərçəng xəstəliklərinin baş vermə səbəbləri və ya onların yaranması ilə əlaqəli olan risk faktorlar hələ dəqiq müəyyən edilməmişdir).
Xərçəng Registrləri xərçəng xəstəliyinin baş verməsi və yayılmasına dair keyfiyyətli məlumat mənbəyidir.
İctimai səhiyyə işçiləri, tədqiqatçılar, həkimlər, onkoloqlar və dövlət səhiyyə siyasətini formalaşdıran şəxslərin yeni diaqnostika olunmuş xərçəng halları (insidens) və xərçəngdən olüm halları (mortalite) barədə məlumata malik olması xərçəng xəstəliyinin yükünü (maliyyə-iqtisadi, sosial və s.) daha yaxşı başa düşməyə və müvafiq hədəfli proqramların hazırlanıb tətbiq edilməsinə yardımçı olur.
Kanser Registrinin etibarlı və dolğun məlumat mənbəyinə çevrilməsi üçün həkimlər, xəstəxanalar, histopatoloqlar tərəfindən xərçəng xəstəliyi hallarına dair müvafiq məlumatın Kanser Registrinə təqdim etməsi əhəmiyyətli şərtlərdəndir. Xərçəng xəstələrinin müayinə və müalicəsi ilə məşğul olan poliklinika/dispanserlər və xəstəxanalarda, habelə patomorfologiya laboratoriyalarında pasiyentlərin xərçəng xəstəliyinə dair bütün tələb olunan məlumatların Kanser Registrinə ötürülməsi ilə məşğul olan təlimatlandırılmış müvafiq əməkdaşların mövcud olması da mühüm şərtdir. Kanser Registrinə məlumatlar isə xüsusi kodlardan (İSD-0-3, onkoloji xəstəliklərin beynəlxalq təsnifatı sistemi) istifadə edərək qeyd edilməlidir. Ümumiyyətlə, Kanser Registrinə xərçəng xəstəliyinə tutulmuş hər bir pasiyentə dair demoqrafik, klinik və xərçəngin histopatologiyasını təsvir edən məlumatlar yerləşdirilir.
Xərçəng Registrində toplanan məlumatlardan isə istifadə etməklə hər il və ya digər intervallarla ölkədə xərçəng xəstəliklərinə dair daha etibarlı, daha dolğun təhlilləri aparmaq mümkündür:
- xərçəng xəstəliyinin illər üzrə artım və ya azalmasının monitorinqi və proqnozlaşdırılması (bu həm də, maliyyə yatırımları, xərclərin və digər tədbirlərin proqnozlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir),
- əhalinin müxtəlif qrupları arasında xərçəng xəstəliyinin baş verməsi və yayılması dərəcəsinin qiymətləndirilməsi və yüksək risk qruplarının müəyyən edilməsi (bununla yaş, cins və ya yaşadığı ərazi üzrə hədəflənmiş ünvanlı profilaktika, dispanserizasiya və s. tədbirlərin aparılması təmin edilə bilər),
- xərçəng xəstəliyinin kontroluna hədəflənmiş milli (ölkə miqyaslı) proqramların planlaşdırılması və icrası, onların effektivliyinin qiymətləndirilməsi,
- Səhiyyə resurslarının (maliyyə, insan və texniki resurslar) müvafiq sahələrə və ya coqrafi ərazilərə və ya proqramlara yönləndirilməsi,
- Klinik, epidemioloji və digər səhiyyə xidmətlərinə dair tədqiqatlar və araşdırmaların inkişaf etdirilməsi.
Regionda Kanser Registrləri.
Hazırda Azərbaycanın da yerləşdiyi regionda Kanser Registrlərinin yaradılması və fəaliyyətinin inkişaf etdirilməsi ilə bağlı mühüm işlər görülməkdədir. Türkiyədə altı kanser registri vardır ki, onlardan biri Türk Milli Kanser Registridir və digər beş registr isə bölgələr və ya xəstəxanalarda yaradılmışdır. Hazırda İzmirdə yerləşən regional kanser registri Beynəlxalq Kanser Registrləri Assosiasiyasının tam hüquqlu üzvüdür və həmçinin regional təlim və dəstək mərkəzi funksiyasını daşıyır. Qazaxstanda Kanser Registrinin yaradılması prosesi səhiyyə nazirliyi və Milli Onkologiya Mərkəzi tərəfindən artıq başlanmış və bu məqsədlə xüsusi elektron məlumat bazasının yaradılması işinə start verilmişdir. Rusiyada milli səviyyədə fəaliyyət göstərən kanser registri olmasa da, 2005-ci ildən etibarən Sankt-Peterburq şəhərində yaradılmış regional kanser registri Avropa Kanser Registrləri Cəmiyyəti tərəfindən tanınmış və onun verdiyi məlumatların etibarlığı sübut edilmişdir. Bununla yanaşı Arxangelsk vilayəti üzrə də regional kanser mərkəzi yaradılmışdır. Qonşu Gürcüstanda kanser registrinin yaradılması üzərində fəaliyyət yaxınlarda başlanmışdır və hazırda texniki tapşırıq üzərində iş aparılır. Belarussiyada iki kanser registri yaradılmış və milli səviyyədə olan kanser registri Beynəlxalq Kanser Registrləri Assosiasiyasının tam hüquqlu üzvü qəbul edilmişdir. Ukraynada regional uşaq onkoloji xəstəlikləri registri yaradılmışdır, lakin milli səviyyədə və ya digər regional kanser registrləri mövcud deyil. İran İslam Respublikasında milli kanser registri ilə yanaşı dörd regional və sahəvi kanser registri var və milli kanser registri Beynəlxalq Kanser Registrləri Assosiasiyasının tam hüquqlu üzvüdür.
- Doldurulmuş TQS № 025/2 formaları bu elektron ünvana göndərməyiniz xahiş olunur: onkostatistika@gmail.com
- ƏMR yüklə
- Birincili onkoloji diaqnozun qeydiyyat vərəqi (TQS № 025/2-O) yüklə