15 Fevral - Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunur.

|

15 Fevral -  BEYNƏLXALQ UŞAQ XƏRÇƏNG XƏSTƏLİKLƏRİ İLƏ MÜBARİZƏ GÜNÜDÜR.

Hər il 15 fevral dünyada Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd edilirHəmin gün bütün dünya xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə dəstək olmaq, bu xəstəliyə dair geniş əhalinin maariflənməsinə təkan verməyə çalışır. Bu gün, həm də, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara dünya ictimaiyyətinin diqqətini yönəltmək və onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir. 15 fevralda bütün dünya bir araya gələrək uşaq xərçəng xəstəliyinin diaqnostikası və müalicəsinin prioritet məsələ olduğunu bir daha göstərir və milyonlarla uşağın və valideynin səsinə səs verir.   Həmin gün bütün dünya xərçəng xəstəliyindən vəfat etmiş uşaqların əziz xatirəsini anır və xərçəngə qalib gəlmiş uşaqların cəsarətliyi və fədakarlığını qeyd edir. 


Uşaqlar arasında xərçəng xəstəliyinin rastgəlmə tezliyi?

Uşaq Xərçəng Xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5%-1.5%-ni təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.


Uşaqlar arasında ən çox rast gəlinən xərçəng xəstəlikləri hansılardır?

Uşaqlar arasında rast gəlinən xərçəng xəstəlikləri digər yaş qruplarından xeyli fərqlənir. Ümumiyyətlə, leykemiya uşaqlar arasında qeydə alınan bütün xərçəng xəstəliklərinin 30%-ni təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Bununla yanaşı, yalnız uşaqlara xas olan bədxassəli embrional törəmələr vardır ki, onlara neyroblastoma, nefroblastoma, medulloblastoma,  retinoblastoma və digər şişlər aiddir. Süd vəzi, ağciyər, çənbər bağırsaq və düz bağırsağın şişləri isə adətən böyüklərdə qeydə alınır və uşaqlarda çox nadir hallarda rast gəlinir.


Milli Onkologiya Mərkəzinin Uşaq Onkoloji Klinikası.

7 mart 2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində regionda birinci olan Uşaq Onkoloji Klinikası fəaliyyətə başlamışdır. Uşaq Onkoloji Klinikasının yaradılmasında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslamış, yüksək texnologiyalı keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, kompleks mülicənin bütün növləri mükəmməliklə icra edilir, o cümlədən, kimya terapiyası, şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir.

2015-ci ilin dekabr ayında Uşaq Onkoloji Klinikasının bazasında "Uşaq Xərçəng Xəstəliklərinin Milli Alt-Registri" də təsis edilmişdir.