Milli Onkologiya Mərkəzində lll Bakı Endoskopik Forumu keçirilib

|

Noyabrın 9-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) Azərbaycan Onkoloqlar Cəmiyyətinin dəstəyi ilə III Bakı Endoskopik Forumu keçirilib.

Forumda Azərbaycanın tanınmış həkim-qastroenteroloqları, onkoloqları, cərrahları və pediatrları iştirak ediblər.

Forumu açan Milli Onkologiya Mərkəzinin direktor müavini Fuad Quliyev tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. O, dünyanın ən tanınmış onkoloji mərkəzləri ilə elmi tədqiqatlar, kadr mübadiləsi və yeni innovasiyaların tətbiqi sahəsində geniş əməkdaşlıq əlaqələrinə malik MOM-un məhz dövlətin daimi diqqət və qayğısı nəticəsində Cənubi Qafqazın ən qabaqcıl elm və şəfa məbədinə çevrildiyini vurğulayıb. F.Quliyev bildirib ki, bu tədbir Azərbaycanda üçüncü ildir keçirilir. Ötən ilin oktyabrında Milli Onkologiya Mərkəzində uğurla təşkil edilmiş II Bakı Endoskopik Forumu nəinki ölkəmizdə, hətta onun hüdudlarından uzaqlarda da böyük marağa səbəb olmuşdu.

Tədbirdə Rusiyanın, Ukraynanın, Belarusun, həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzinin aparıcı həkimlərinin məruzələri dinlənilib və elmi fikir mübadiləsi aparılıb.

Forumda Milli Onkologiya Mərkəzinin əməkdaşları Elman İbrahimov “MOM-da Kron xəstəliyi qeyd olunan xəstələrdə FACİZE təsnifatı”, Həcər Həsənova “Milli Onkologiya Mərkəzində uşaq endoskopiyası”, Nigar Əliyeva “Xroniki radiasion proktitin endoskopik müalicəsi üzrə təcrübəmiz”, Əsəd Hacıyev “Qida borusu və onun anastomozlarının çapıq mənşəli daralmalarının endoskopik müalicə təcrübəsi”, həmçinin Ukraynanın Oberiq Universal Xəstəxanasının endoskopiya və mənfəzadaxili cərrahiyyə şöbəsinin rəhbəri Vladislav Yakovenko “Endoskopistin gündəlik təcrübəsində endosonoqrafiya” və “Submukozal sahədə əməliyyatlar təcrübəsi”, Belarusun Minsk Uşaq Qastroenteroloji Klinikasının diaqnostika şöbəsinin rəhbəri, Belarus Respublikasının uşaq endoskopiyası üzrə baş mütəxəssisi Kiril Maraxovski “Yeni doğulmuş və bir yaşınadək uşaqların endoskopiyası” və “Mədə-bağırsaq traktının öyrənilməsinin funksional üsulları və onların tibbi praktikaya təsiri” mövzularında məruzələrlə çıxış ediblər.

Mulyajlar üzərində mütəxəssis-moderatorlar tərəfindən keçirilmiş endoskopik təlimlər və əməliyyatların canlı nümayişi iştirakçıların böyük marağına səbəb olub.

Milli Onkologiya Mərkəzində keçirilən məruzələr, müzakirələr və əməliyyatlar telekörpü vasitəsilə Mərkəzi Klinika Gəncə Xəstəxanasının akt zalında Gəncə və ətraf rayonlardan olan həkimlər üçün canlı nümayiş etdirilib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Elmi-Tibbi Şura tərəfindən akkreditasiyadan keçib və 16 kredit vahidi alıb.

Forumun sonunda iştirakçı həkim və mütəxəssislərə müvafiq sertifikatlar təqdim edilib