Milli Onkologiya Mərkəzi mütəxəssislərinin iştirakı ilə Rostov-Bakı arasında telekonfrans keçirilib

|

Mayın 15-də Rusiyanın Rostov şəhərində antibakterial terapiya və kliniki mikrobiologiya üzrə Rusiya-Azərbaycan elmi-praktik konfransı öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək konfrans Rusiya Federasiyası Səhiyyə Nazirliyinin "Rostov Onkoloji Elmi Tədqiqat İnstitutu" Federal Dövlət Büdcə Təşkilatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Rostov vilayətinin Səhiyyə Nazirliyi tərəfindən təşkil olunub.

Konfransda Rusiya, Azərbaycan və Almaniyanın aparıcı mütəxəssislərinin antibakterial terapiya və klinik mikrobiologiya mövzusunda təqdimatları dinlənilib müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin mütəxəssislərinin onlayn iştirakı ilə "Rostov-Bakı" telekonfransı keçirilib.

Tədbirdə əsasən “Onkologiyada infeksiya ağırlaşmaları və onların həlli yolları”, “Sepsisin intensiv müalicəsi”, “Həyati təhlükəli infeksiyalar: diaqnostika və müalicənin müasir aspektləri”, “Antibakterial müalicənin nəzarət strategiyası (AMNS): antibiotikə davamlılığa nəzarət” və digər mövzularda məruzə və çıxışlar dinləniləcək.

Konfransın proqramına iki elmi–praktik seminar da daxildir. Seminarlar “Mikrobioloji diaqnostikanın yeni xüsusiyyətləri” və “Mikrobioloji laboratoriya avadanlıqlarının müasir səviyyəsi: tədqiqat və təcrübə” proqramları üzrə Rostov, Pyatiqorsk, Novosibirsk və Moskva şəhərlərinin mütəxəssisləri tərəfindən aparılacaq.

Elmi-praktik konfransda 500-ə yaxın bakterioloq-mikrobioloq, bioloq, onkoloq, anestezioloq-reanimatoloq, infeksion xəstəliklər mütəxəssisi, klinik farmakoloq, əczaçı, akuşer-ginekoloq, kardioloq, neonatoloqlar, otorinolarinqoloq, molekulyar genetika sahəsinin mütəxəssisi, klinik və fundamental onkologiya sahəsində tədqiqatçılar və digər tibbi ixtisas mənsubları iştirak edirlər.

Tədbir Rusiya Federasiyası və Azərbaycan Respublikası Səhiyyə Nazirlikləri tərəfindən akkreditasiya edilib. Konfransın sonunda iştirakçı mütəxəssislərə beynəlxalq sertifikatlar təqdim olunacaq.

Konfrans öz işini mayın 16-da başa çatdıracaq.