Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü Bakıda.

|

Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü Bakıda.

     15 fevral Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu gün,  bütün dünyanı xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara və onların ailələrinə mənəvi dəstək olmağa  çağırır və bu xəstəliklər haqqında  əhalinin maariflənməsində böyük rol oynayır. Eyni zamanda, 15 fevral, dünya ictimaiyyətinin onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqətini artırır  və onların problemlərini həll etməyə çalışır. Onkoloji xəstə uşaqların problemləri təkcə onların valideynlərinin problemi olmamalıdır. Bu problemlər bütün səhiyyənin, dövlət və qeyri –dövlət qurumlarının, bütün cəmiyyətin problemidir. Eyni zamanda, bu gün bütün dünyada xərçəng xəstəliyinə qalib gəlmiş uşaqların qəhrəmanlığını, həmçinin valideynlərinin və onlara qayğı göstərən tibb personalının fədakarlığını əks etdirir.

    Uşaqlarda olan onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5%-ni təşkil edir. Uşaqlarda təsadüf olunan onkoloji xəstəliklər böyüklərinkindən çox fərqlidir və əsas hissəsini  embrional şişlər təşkil edir. Bunların içində  leykemiyalar böyük bir qrup təşkil edir . Mərkəzi sinir sisteminin şişləri və limfomalarda tez-tez rast gəlinən xəstəliklərdir. Digər bədxasssəli şişlər məs,  nefroblastoma, neyrolastoma, rabdomiosarkoma  isə hər biri ayrılıqda 6-7% təşkil edir.  Böyüklərdə təsdaüf edən xərçəng xəstəlikləri (mədə -bağırsaq ağciyər, süd vəzi xərçəngi və.s) uşaqlarda cox nadir hallarda rast gəlinir. Müasir müalicə metodları Uşaq Onkologiyasında daha yaxşı nəticə verir və uşaqların böyük əksəriyyətində tam sağalma  mümkündür.

     2012- ci ildə Milli Onkologiya Mərkəzinin nəzdində respublikada ilk dəfə olaraq Uşaq Onkoloji Klinikası fəaliyyətə başlamışdır. Bu müasir  və cox mühüm müalicə ocağının yaradilmasında Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin böyük əməyi vardır. Hazırda Uşaq Onkoloji Klinikası regionumuzda onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ixtisaslamış, yüksək texnologiyalı keyfiyyətli tibbi yardım göstərən yeganə tibb müəssisəsidir. Klinikada beynəlxalq protokollara uyğun olaraq, cox komponentli müalicənin bütün növləri mükəmməliklə icra edilir, o cümlədən, intensiv kimya terapiya, müasir şüa terapiyası, cərrahi müalicə, immunoterapiya və s. aparılır. Uşaq Onkoloji Klinikasında ambulator və poliklinik şöbə, kimya terapiyası, cərrahiyyə, anestezioloji-reanimatoloji və şüa terapiyası şöbələri fəaliyyət göstərir. Mərkəzdə 19 həkim və 40 tibb bacısı çalışır.   

        Hər il olduğu kimi bu il də 15 fevralda Uşaq Onkologiyasının əməkdaşları və Seçenov adına Moskva Dövlət Tibb Universitetinin  Bakı filialının tələbələri ilə birlikdə Bakıda 28 Mall Ticarət Mərkəzində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü qeyd olunur.Bu tədbirin məqsədi ictimaiyyətin bu aktual məsələyə diqqətini artırmaq və bu xəstəliklərlə bağlı əhalini məlumatlandırmaqdır. Əməkdaşlarımız  uşaqlarda mövcud olan onkoloji xəstəliklərin erkən əlamətləri, diaqnostik metadları və müalicə tədbirləri haqqında ətraflı məlumatları əhaliyə çatdırmaq niyyətindədirlər. Tədbirdə media nümayəndələri ilə görüş də planlaşdırılır.