Bakıda I Neyroendokrin Törəmə Simpoziumu keçirilib

|

Simpoziumda Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. O, neyroendokrin törəmələrin diaqnostikasının, kompleks və cərrahi yolla müalicəsinin aktual problemlərinin müzakirə edilməsi baxımından simpoziumun əhəmiyyətini yüksək qiymətləndirib. Əziz Əliyev deyib: “Təxminən bir il öncə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin açılması ilə ölkəmizdə tibb sahəsində böyük bir yeniliyə imza atılıb. Beynəlxalq tələb və normalara tam şəkildə cavab verən bu müəssisənin fəaliyyəti onkoloji xəstəliklərin diaqnostikası və müalicə istiqamətlərinin təyin edilməsi baxımından əvəzsiz rol oynayır. Fikrimcə, cəmiyyətimizin sağlam həyat tərzinin təmin edilməsi və onkoloji xəstəliklərin müalicəsi istiqamətində həkimlərimizin bir-biri ilə six əlaqədə olması, informasiya mübadiləsi aparmaları böyük əhəmiyyət daşıyır. Bu cür simpoziumların təşkili həkimlərimizin müvafiq sahədə yeni məlumatlar əldə etməsi və maariflənməsi baxımından çox önəmlidir”.


Son illər Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində mühüm uğurlar əldə edildiyini diqqətə çatdıran professor Əziz Əliyev deyib: “Nəinki Azərbaycanda, hətta regionda ilk və yeganə tibb müəssisəsi olan Nüvə Təbabəti Mərkəzi xərçəng xəstəliklərinin erkən aşkar edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Mərkəzdə pozitron emissiya tomoqrafiya/kompüter tomoqrafiya (PET/KT) cihazı quraşdırılıb. Bu, orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə göstərməyə imkan verən müasir tibbi diaqnostik görüntüləmə üsuludur. Nüvə Təbabəti Mərkəzinin fəaliyyətinin əsas prinsipi yüksək səviyyədə xidmət təqdim etməkdir. Mərkəzdə işləyən həkimlər, əczaçılar, fiziklər, mühəndislər, kimyaçılar, hətta kiçik və orta heyət xaricdə təhsil alıb və zəngin praktiki biliklərə malikdirlər. Onların sırasında müvafiq sahədə böyük təcrübəsi olan xarici mütəxəssislər də var”.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev qeyd edib ki, ölkənin aparıcı tibb müəssisələrindən olan Milli Onkologiya Mərkəzinin xərçəng xəstəliklərinin diaqnozunda və müalicəsi sahəsində uğurları həm ölkə daxilində, beynəlxalq arenada böyük maraqla qarşılanır.

Qeyd edilib ki, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi respublika əhalisinə ixtisaslaşdırılmış onkoloji yardımların göstərilməsi istiqamətində elmi-metodiki və profilaktik işləri əlaqələndirən aparıcı müəssisədir.

Sonra Nüvə Təbabəti Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub. Diqqətə çatdırılıb ki, mərkəzin PET/KT cihazı olan “Biograph mCT-S40” Siemens şirkətinin ən son texnologiyaları ilə hazırlanıb və minimal doza ilə çox sürətli müayinə aparmaq imkanına malikdir. PET/KT-dən onkoloji xəstəliklərin erkən diaqnostikası ilə yanaşı, Altsheymer və Parkinson xəstəliklərinin müayinəsində, epilepsiya, demensiya zamanı beyin funksiyalarının dəyərləndirilməsində də istifadə olunacaq. Xüsusi təyinatlı laboratoriya şəraitində hazırlanmış dərman maddəsi vena daxilinə vurulur və bu maddə orqanizmdə müəyyən toxumalarda toplanaraq ətrafa şüalanma verir.

Sessiyalarla davam edən simpoziumda professor Əziz Əliyevin “Boynun neyroendokrin törəmələri”, doktor Hidayət Məmmədzadənin “Neyroendokrin törəmələrin endokrinoloji aspektdən dəyərləndirilməsi”, doktor Fuad Novruzovun “Neyroendokrin törəmələrin diaqnozunda PET/KT müayinəsi”, professor Cüneyt Türkmənin (Türkiyə) “Neyroendokrin törəmələrin radioaktiv “target” müalicəsi və digər mövzularda məruzələr dinlənilib.