BAKIDA IİLK DƏFƏ NÜVƏ TƏBABƏTİ ÜZRƏ SİMPOZİUM KEÇİRİLİB

|

16 aprelin  2016-cı ildə Bakıda ilk dəfə Azərbaycan Nüvə Təbabəti Simpoziumu keçirilib.

Azərbaycanın tibb ictimaiyyətinin nümayəndələrinin, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəsmilərinin iştirak etdikləri simpozium Bakıda yeni açılan Nüvə Təbabəti Mərkəzi haqqında videoçarxın nümayişi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev xərçəng, kardioloji və nevroloji xəstəliklərinin erkən aşkarlanmasında çox böyük əhəmiyyət daşıyan Nüvə Təbabəti Mərkəzinin yaradılmasında BAEA-nın rolunu qeyd edib: “Bakıda ən son texnologiyalara əsaslanan Avropa standartlarına uyğun Nüvə Təbabəti Mərkəzinin qurulmasında və istifadəyə verilməsində BAEA-nın xüsusi əməyi vardır”.

Cəmil Əliyev xərçəng xəstəliklərinin erkən diaqnostikası və müalicəsi üzrə Azərbaycanın aparıcı tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışılıb. Qeyd edilib ki, tibbin ən ağır sahəsi olan onkologiya daim dövlətin diqqət mərkəzindədir. Son illərdə Milli Onkologiya Mərkəzində xərçəng xəstəliklərinin diaqnostikası üçün hər cür şərait yaradıldığını bildirən Cəmil Əliyev bu nəcib işdə həmişə əhalinin sağlamlığını düşünən Azərbaycan Respublikası Prezidentinin müstəsna xidmətlərini qeyd edib. Onu da diqqətə çatdırıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi ilə yaradılmış Uşaq Onkoloji Klinikası onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara diqqət və qayğının bariz nümunəsidir.

Eyni zamanda, simpoziumda nüvə təbabətinin müasir vəziyyətinə və perspektivlərinə, eləcə də xərçəngin müalicəsində tətbiq edilən ən son metodlara dair məruzələrin dinləniləcəyi və təcrübə mübadiləsi aparılacağı bildirilib.

Akademik Cəmil Əliyev simpoziumun işinə uğurlar arzulayıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Dazhu Yanq isə Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin təsis edilməsinin əhəmiyyətindən danışıb və bu əlamətdar hadisə münasibətilə Azərbaycanın tibb işçilərini və xalqımızı təbrik edib. “Hər bir ölkənin onkoloji xəstəliklərlə mübarizə potensialının artırılması, xərçəngin müalicə və diaqnostikasının daha da təkmilləşdirilməsi əsas məqsədimizdir. Bunun üçün müxtəlif ölkələri avadanlıqlarla və kadrlarla təmin edirik. Dünən Bakıda istifadəyə verilən Nüvə Təbabəti Mərkəzi isə xərçənglə mübarizə sahəsində mühüm mərhələdir. Buna görə Bakıda ilk nüvə simpoziumunda iştirak etmək mənə xoşdur”, - deyə Dazhu Yanq bildirib.

Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev isə çıxışında bildirib ki, Azərbaycanda əvvəlki illərlə müqayisədə onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şərait müasir səviyyəyə çatdırılıb. Azərbaycan Milli Onkologiya Mərkəzi öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmır və bu inkişaf akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olub. Əvvəlki illərdə bütün onkoloji əməliyyatlar yalnız bir binada həyata keçirilirdisə, indi Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun inşasından sonra bu sahədə irəliləyişlər əldə edilib.

Əziz Əliyev diqqətə çatdırıb ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə də təchiz olunub. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təminatı problemi aradan götürülüb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər.

Əziz Əliyev Milli Onkologiya Mərkəzinin dünyanın qabaqcıl onkoloji mərkəzləri ilə əməkdaşlıq əlaqələrindən də danışılıb. Məlumat verilib ki, Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu verilib. Həmçinin Azərbaycan Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb və azərbaycanlı mütəxəssislər bu nüfuzlu mərkəzdə təcrübə keçirlər.

Əziz Əliyev Milli Onkologiya Mərkəzinin nəzdində Nüvə Təbabəti Mərkəzinin yaradılmasında Prezident İlham Əliyevin dəstəyini xüsusi qeyd edib.

Tədbirdə nüvə təbabətinin tarixindən də söz açılıb.

Nüvə Təbabəti Mərkəzinin rəhbəri Fuad Novruzov pozitron emissiya tomoqrafiya/kompyuter tomoqrafiyası (PET/KT) haqqında, müayinənin aparılması qaydalarından, eləcə də PET/KT-nin elmi əsasından danışıb.

Simpozium işini sessiyalarda davam etdirib. Sessiyalarda nüvə təbabətinə dair yerli və xarici mütəxəssislərin məruzələri dinlənilib, müzakirələr aparılıb.