4 Fevral Dünya Xərçəng Günü

|

Hər il olduğu kimi, 2017-ci ildə də Milli Onkologiya Mərkəzi tərəfindən Dünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin təşkili planlaşdırılıbdır. 
Dünya Xərçəng Günü ilə bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

Fevralın 4-ü Bakının Gənclik Mall və Park Bulvar ticarət mərkəzlərində Azərbaycanda geniş yayılmış xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar ötürüləcək, buklet və lifletlər paylanacaqdır. Tədbir zamanı təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair bütün sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcəkdir. Tədbirlərə İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri də qatılacaq.

Dünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UICC) tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.