4 Fevral - Dünya Xərçənglə Mübarizə Günüdür.

|

Dünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq (UİCC) tərəfindən təsis edilmişdir. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır. 

Hər il olduğu kimi, Milli Onkologiya Mərkəzi tərəfindən Dünya Xərçəng Günü ilə bağlı çoxsaylı maarifləndirmə tədbirlərinin təşkili planlaşdırılıbdır. 
Dünya Xərçəng Günü ilə bağlı Bakıda və ölkənin digər yerlərində xərçəng xəstəlikləri, onların profilaktikası, diaqnostikası və müalicəsi sahəsində geniş əhalinin məlumatlılığının artırılması məqsədi ilə bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. 24 yanvar tarixindən başlanacaq maarifləndirmə tədbirləri fevralın 4-dək davam edəcəkdir. 

Həmin müddət ərzində müxtəlif ticarət və əyləncə mərkəzlərində, tibbi müəssisələrində Azərbaycanda geniş yayılmış xərçəng xəstəliklərinə dair vətəndaşlara faydalı məlumatlar ötürüləcək, buklet və lifletlər paylanacaqdır. Bakının böyük ticarət mərkəzlərində isə təcrübəli onkoloqlar tərəfindən vətəndaşların onkoloji xəstəliklərə dair bütün sualları cavablandırılacaq, sağlamlıqlarını qorumaq üçün müvafiq faydalı tövsiyələr veriləcəkdir.