Bakıda ikinci Azərbaycan-Türkiyə onkologiya günləri keçirilir

|

Türkiyə Tibbi Onkologiya Dərnəyinin və Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü ilə keçirilən konqresdə onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinin ən aktual problemləri, habelə müasir onkologiyanın qarşısında duran vəzifələr müzakirə edilir.

Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev konqresin işinə uğurlar arzulayıb. “İnanıram ki, artıq ölkəmizdə ikinci dəfə keçirilən konqresdə Türkiyə və Azərbaycan onkoloqları müxtəlif mövzular üzrə maraqlı fikir mübadiləsi aparacaqlar. Bu da onkologiya sahəsində tibbi yenilikləri öyrənmək baxımından faydalı olacaq”, - deyə Əziz Əliyev bildirib. O, Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin müalicəsi üçün yaradılan şəraitdən danışıb. Əziz Əliyev bildirib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq 1000 çarpayılıq Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu, eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın himayəsi ilə Milli Onkologiya Mərkəzinin nəzdində Uşaq Klinikası açılıb. Hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib.

Azərbaycan Milli Onkologiya Mərkəzinin öz təchizatına görə Avropanın qabaqcıl klinikalarından geri qalmadığı və bu inkişafın akademik Cəmil Əliyevin əməyi sayəsində mümkün olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycanda bədxassəli şişlərdən əziyyət çəkən insanların pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardın almaları üçün tam hüquqi zəmin yaradılıb.

Türkiyə Tibbi Onkologiya Dərnəyinin rəhbəri Ahmet Özet konqresin Azərbaycan və Türkiyə onkoloqları arasında əlaqələrin qurulması, təcrübə mübadiləsinin aparılması, eləcə də onkologiya sahəsində ən son nailiyyətlərin müzakirəsini reallaşdırmaq üçün imkan yaradılması məqsədilə keçirildiyini deyib. Ahmet Özet konqresə verdiyi dəstəyə görə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə minnətdarlığını bildirib.

Konqresin həmsədrləri Necati Alkış (Türkiyə) və Azad Kərimli (Azərbaycan) çıxışlarında hər iki ölkənin mütəxəssislərinin onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklərinə əminliklərini ifadə ediblər. Bildirilib ki, iki gün davam edəcək konqresdə onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da sessiyalarda müzakirə ediləcək.

Sonra konqres işini “Baş və boyun şişləri” mövzusunda sessiya ilə davam etdirib. “Baş və boyun şişlərində cərrahiyyə” mövzusunda ilk məruzə ilə professor Əziz Əliyev çıxış edərək bu sahədə dünyada, eləcə də Milli Onkologiya Mərkəzində aparılan müalicə üsulları və cərrahiyyə əməliyyatları barədə məlumat verib.

Gün ərzində, eləcə də oktyabrın 22-də “Xəstə müzakirələri”, “Mədə xərçəngi”, “Limfoma”, “Ağciyər xərçəngi”, “Süd vəzi xərçəngi”, “Kolerektal xərçəng” mövzularında sessiyalar keçiriləcək, müzakirələr aparılacaq.