Servikal xərçəng mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub

|

17 yanvar 2026-cı il tarixində İstanbul şəhərində Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı “Servikal xərçəng üçün skrininq testləri, HPV peyvəndləmə, CİN 1, 2, 3 və kolposkopiya” mövzusunda dəyirmi masa formatında elmi müzakirə keçirilib. Tədbir Azərbaycandan da birbaşa canlı yayım vasitəsilə izlənilib.

Dəyirmi masa tanınmış Türkiyəli və Azərbaycanlı mütəxəssislərin iştirakı ilə interaktiv formatda təşkil olunub və servikal xərçəngin profilaktikası, erkən diaqnostikası və müalicəsində müasir yanaşmaların müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Tədbirin açılışında Milli Onkologiya Mərkəzinin Şişönü xəstəliklərinin diaqnostikası və müalicəsi şöbəsinin rəhbəri t.ü.f.d. Dr. Sevinc Rəhimzadə çıxış edərək servikal xərçəngin qarşısının alınmasında skrininq proqramlarının və HPV peyvəndləmənin rolunu vurğulayıb.

Elmi proqram çərçivəsində Prof. Dr. Murat Gültekin “HPV peyvəndləmə strategiyaları, dünya təcrübəsi və ictimai sağlamlıq üçün faydaları”, Prof. Dr. Mete Güngör “Servikal xərçəng üçün skrininq testləri və müasir tövsiyələr”, Dr. Nərgiz Zeynal “Azərbaycanda HPV-yə qarşı skrininq və peyvəndləmə vəziyyəti”, Prof. Dr. Murat Dede “Servikal preinvaziv xəstəliklərdə müalicə üsulları – LEEP və konizasiya”, Dr. Könül Mərdanova “HPV neqativ servikal xərçəng xəstələrində PAM siqnal yoluna aid genetik dəyişikliklərin prediktiv və proqnostik əhəmiyyəti” barədə məruzə ilə çıxış edib. Müzakirələrə moderatorluğu Dr. Turan Nadirova aparıb.

Tədbir öz formatı, beynəlxalq ekspertlərin iştirakı və canlı yayım vasitəsilə geniş auditoriyaya çıxışı ilə fərqlənib və uşaqlıq boynu xərçəngi sahəsində bilik və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib.