Kuba Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo Milli Onkologiya Mərkəzində olub

|

Martın 3-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev Kuba Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.

Görüşdə akademik Cəmil Əliyev qonağa MOM-un elmi-klinik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz edilib. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, xəstələrdə bədxassəli şişlərin erkən diaqnostikasını, operativ cərrahi, şüa və dərman preparatları ilə müalicəsini həyata keçirir, habelə mövcud müalicə üsullarının təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi tədqiqatlar aparırlar. Hazırda Milli Onkologiya Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.

Görüşdən sonra səfir Alfredo Nieves Portuondo Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub və fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.