Koronavirus pandemiyası şəraitində onkoloji xəstələrə radioterapiyanın aparılmasının xüsusiyyətləri
Milli Onkologiya Mərkəzinin əməkdaşları, o cümlədən şüa müalicəsi və tibbi fizika şöbələrinin kollektivi dünyada qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası şəraitində bədxassəli şiş diaqnozu qoyulmuş xəstələrə radioterapiya aparılmasında fasilə verməmişlər. Xəstələrin və tibbi personalın virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimum endirilməsi nəzərə alınmaqla aparılan şüa müalicəsinin həyata keçirilməsində dünyanın aparıcı klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO, ESTRO və s.) hazırlanmış müvafiq alqoritmlərdən, onların təcrübələrindən geniş istifadə edilir.
2020-ci il aprelin 3-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (İAEA) tərəfindən “COVİD 19 və Radioterapiya şöbələrinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik” mövzusunda keçirilən beynəlxalq vebinarda (onlayn konfrans) Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin həkimləri və tibbi fizikləri də iştirak etmişlər. Dünyanın bütün qitələrindən 1200–dən çox mütəxəssisin (radioterapevt və tibbi radiasion fiziklərin) iştirak etdiyi vebinarın keçirilməsində məqsəd COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütəxəssislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olmuşdur.
Vebinarda çətin pandemiya şəraitində çalışan İtaliyalı həkim Pierfrançesko Frankonun çıxışı böyük maraqla izlənilmişdir. Onlayn konfransda şüa müalicəsinə göstəriş olan xəstələrdə radioterapiyanın fərdi və situasion faktorları nəzərə alınmaqla aparılma vaxtının seçilməsi yekdilliklə qəbul olunmuşdur. Onun fikrincə, şüa müalicəsi o halda təxirə salına bilər ki, bu, konkret xəstənin müalicəsinin effektivliyinə mənfi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə, xəstələrin şüa müalicəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır. Virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimum endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir.
Birincili və ya müalicəyə davam edən xəstələrin seçimində tibbi göstərişlərə uyğun prioritet qoyuluşu, xəstələrin sayının məhdudlaşdırılması məsələləri müzakirə edilmişdir. Paneldə xəstələrin, tibbi personalın və digərlərinin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, telemedisinadan istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin müalicəsi ilə bağlı məsələlər də nəzərdən keçirilmişdir.
Konfrans bədxassəli şiş prosesinin lokalozasiyası, mərhələsi və s. digər faktları nəzərə almaqla mövcud şüa müalicəsi protokollarına (doza-texnika-fraksiya) dəyişiklik edilməsi, hipofraksiyalı radio terapiya rejimlərinə üstünlük verilməsi, avadanlıqlara texniki xidmət, klinik tədqiqatlardakı xəstələr də daxil olmaqla radioterapiya təcrübəsində mümkün ola bilən modifikasiyaları müzakirə etmişdir. Eyni zamanda, mütəxəssislər tibb personal və xəstələr üçün psixoloji dəstək problemləri ətrafında fikir mübadiləsi aparmışdılar. Bütün iştirakçılar yekdilliklə bu qərara gəlmişlər ki, onlayn konfranslar gələcəkdə də mütəmadi olaraq həyata keçirilsin.
Dünyanın aparıcı klinikalarının radiason onkoloq və tibbi radiasion fiziklərinin iştirakı ilə həyata keçirilən fikir mübadiləsi (vebinar) mürəkkəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mərkəzinin əməkdaşlarının daha səmərəli işləməsinə boyük dəstək olacağı şübhə doğurmur.
İsa İsayev,
Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri, professor