Hollandiyanın məşhur cərrah-onkoloqu Azərbaycan Milli Onkologiya Mərkəzində olmuşdur

|

Hollandiyanın Amsterdam Universiteti Tibb Mərkəzinin ağciyər cərrahiyyəsi şöbəsinin rəhbəri, torakal cərrah, t.ü.f.d. Paul Marinus Anne 2019-ci il aprelin 15-də Milli Onkologiya Mərkəzində olmuşdur.Qonağın Milli Onkologiya Mərkəzinə səfəri zamanı burada yerli cərrahların iştirakı və yaxından müşahidəsi altında iki cərrahiyyə əməliyyatı keçirilmişdir.

Əməliyyatdan sonra doktor Paul Marinus Anne Milli Onkologiya Mərkəzini gəzmiş, Qafqazın ən müasir və məşhur mərkəzindəki modern avadanlıqlarla tanış olmuşdur. Qonaq mərkəzə valeh olduğunu, pasiyentlər və xəstələr üçün yaradılmış şəraitin dünya standartları səviyyəsində olduğunu, buradakı tibbi yanaşmanı və humanist auranı bəyəndiyini, bütövlükdə xidmət mədəniyyətinin yüksək səviyyəsindən təsirləndiyini bildirmişdir.

Sonra Dr.Paul Marinus Anne həkimlər üçün “Qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin kimya radioterapiyadan sonrakı cərrahi müalicəsi: göstərişlər, effektivlik, ağırlaşmaların müalicəsi ”mövzusunda mühazirə oxumuşdur . Çox böyük marağa səbəb olan mühazirədə təkcə Milli Onkologiya Mərkəzinin həkimləri deyil, digər xəstəxanalardan həkimlər də iştirak etmişlər.