Akademik Cəmil Əliyev mötəbər elmi jurnalın redaksiya heyətinin üzvü seçilmişdir

|

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Rusiyanın Sankt-Peterburq şəhərində nəşr olunan "Вопросы онкологии" (“Onkologiya məsələləri”) elmi jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Akademik Cəmil Əliyev 2022-ci il sentyabrın 15-də jurnalın yenilənmiş redaksiya heyətinin ilk iclasında iştirak etmişdir.

"Вопросы онкологии" jurnalında kanserogenezin ümumi prinsipləri, müxtəlif yaş qruplarında bu və ya digər növ kanserogenlərin fəaliyyətinə həssaslığın rolu haqqında məqalələr yer alır. Xərçəngin genetik ötürülməsi mexanizmlərinin öyrənilməsi, bədxassəli şişlərin diaqnostikası üçün müasir immunohistokimyəvi və digər üsulların tədqiqi ilə bağlı məqalələr nəşr olunur. Geniş oxuyucu kütləsinə malik jurnalın  ildə 6 nömrəsi  dərc olunur.

"Вопросы онкологии"  jurnalı  onkoloqlar, cərrahlar, şüa terapevtlər, şüa diaqnostikası həkimləri, həmçinin daxili xəstəliklərin bütün əlaqəli sahələri üzrə mütəxəssislər, o cümlədən ailə həkimləri, pediatrlar, ginekoloqlar və başqa sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

Jurnalın veb səhifəsinə keçid:  https://voprosyonkologii.ru/index.php/journal